Bu gün:

"Tələbələr universitetin həm də müştəriləridir"- "1 sual, 1 cavab"


24media.az-ın "1 sual və 1 cavab" adlı rubrikasının budəfəki qonağı Bakı Dövlət Universitetinin son kurs tələbəsi, müstəqil jurnalist olaraq beynəlxalq media ilə əməkdaşlıq edən Sənan İsmayılovdur. O, tələbələrin dərsə marağını artırmaq üçün dəyişilməli olan məsələlərdən danışıb.

-Bu gün universitetlərdə tələbələrin dərsə marağını artırmaq üçün nələr olmalı, yaxud nələr dəyişməlidir?

-Mənim fikrimcə, tələbələrin dərsə marağını artırmaq üçün balonya sistemi düzgün tətbiq olunmalıdır. Bizdə balonya sisteminin sadəcə adı var. Balonya sistemində qayıb məsələsi olmamasına baxmayaraq bizdə tətbiq olunur. Universitet müəllimlərə bildirəndə deyirlər ki, qayıb olmasa, onda heç kim dərsə gəlməyəcək. Əgər tələbələr dərsə gəlməyəcəksə, deməli, balonya sistemi maraqlı, düzgün tətbiq olunmur. Çünki balonya sistemi həm də Avropa ölkələrində istifadə olunur. Orada isə tələbələr vaxtında dərsdə olurlar. Deməli, məsələ balonya sistemi, yaxud qayıb məsələsində yox, təşkil olunan sistemin özündədir. Əgər tələbə hər semestr sonunda imtahan verirsə, o imtahandan keçmək üçün məcburdur ki, universitetə getsin. Əgər bunu etməyəcəksə onsuzda imtahandan keçə bilməyəcək. İmtahandan keçə bilmirsə də, deməli, həmin adam diplom almayacaq. Tələbəni universitetə getməyə məcbur edən səbəb də elə bu olmalıdır. 90 dəqiqə ərzində tələbəni dərsdə oturmağa məcbur etmək yanlış bir metoddur. Məcbur olunma hissi isə tələbənin həvəsini  öldürür. Üstəgəl, təyin etdikləri müəllim yaxşı da olsa, pis də olsa, tələbə məcburdur ki, 90 dəqiqə oturub ona qulaq assın. Təəəsüf ki, dərsi boş keçən müəllimlər də var. Əgər qayıb sistemi olmasa, tələbələr hansı müəllim yaxşı dərs keçirsə, gəlib onun dərsində oturacaqlar, çünki həmin müəllim o tələbəyə nəsə qazandırır. Ya da əksinə. Bu, avtomatik müəllimlər arasında rəqabət yaradacaq. Bu da müəllimin işinə daha məsuliyyətlə yanaşmasına səbəb olacaq. Hansı müəllimin ki, dərsində tələbələr az otururlar, ya o müəllimə işini daha yaxşı görməsi üçün xəbərdarlıq ediləcək ya da yerinə başqası gətiriləcək. Bununla da daha keyfiyyətli bir sistem ortaya çıxacaq. Hazırda tətbiq olunan balonya sisteminin əsası da budur. Digər məsələ isə sərbəst işin ləğv olunması ilə bağlıdır. Sərbəst işlərin sadəcə formallığı var. Bir çox müəllimlər heç bir sərbəst iş almadan qiymət yazırlar. Sərbəst işə bal yazan müəllimlər çox vaxt dərs danışdırıb ona əsasən qiymət yazırlar. Halbuki dərs danışmaq sərbəst iş deyil və sərbəst iş tamam başqa bir anlayışdır. Qayıb, sərbəst iş kimi tələbəni bezdirən, ruhdan salan şeylər ləğv olunmalıdır. Eyni zamanda, dərslər daha interaktiv keçməlidir. Ümumiyyətlə, digər xarici ölkələrdə olduğu kimi, tələbəni icbari tapşırıqlarla yükləmək yox, ona daha müstəqil çalışmalar verilməlidir. Onu da qeyd edim ki, tələbə universitetdə çox kiçik görülür. Həm fakültələrin rəhbərlikləri, həm də ümumi rəhbərlik tərəfindən. Hər bir tələbə universitetə pul ödəyir, əslində. Ödənişli təhsil alanların ailəsi, dövlət sifarişli təhsil alanların isə dövlət ödənişini edir. Nəticədə, hər kəs oxuduğu fakültə və ixtisasdan asılı olaraq, universitetə hər il 2200, 4000 və ya 6000 məbləğində pul ödəyir. Bu da o deməkdir ki, bu insanlar universitetin təkcə tələbəsi yox, həm də müştəriləridir. Bu özəl universitetdə təhsil almaq kimi bir şeydir. Əgər tələbə təhsil üçün pul ödəyirsə, təhsildən keyfiyyət tələb etmə haqqı var. Amma tələbələrin haqları çox vaxt görməzlikdən gəlinir. 

Biz özümüz təhsil aldığımız müddətdə ərizəylə, rəsmi şəkildə bizə dərs deyən müəllimlərin dəyişdirilməsini tələb etmişik. Amma heç vaxt müəllimlər dəyişdirilməyib. Bizdə tələbənin fikirləri ciddiyə alınmır.

Gülay Orucova

Paylaş
Şərh əlavə et