Bu gün:

Riyaziyyatda istifadə olunan işarə və simvollar necə və nə vaxt yaranıb?



Riyaziyyat sözlər yerinə əməliyyatlar və anlayışlardan istifadə edən universal bir dildir. Bu dildə ifadələrlə eyniləşdirilən işarə və simvollar var. Məsələn, “+” əlavə etmək üçün, “π” isə pi sayını göstərmək üçün istifadə olunur. Bu işarə və simvolların necə və nə vaxt meydana gəldiyini heç düşünmüsünüzmü?


Qədim dövrlərdə insanların ancaq sürülərindəki heyvanların sayını müəyyən etmək üçün ehtiyac duyduqları riyaziyyat bu gün smartfonlardan tutmuş avtomobillərə qədər bir çox texnoloji cihazların istehsalında istifadə olunur. Hava proqnozlarının dəqiqliyi həm də riyazi hesablamalara əsaslanır. Riyaziyyat elmi inkişaf etdikcə istifadə olunan simvollar və işarələr də inkişaf edib. Məsələn, qədim dövrlərdə toplama əməliyyatı sözlərlə ifadə edilirdi: “2+3=5” əməliyyatı “2 ədədi 3 ilə toplananda 5-ə bərabər olur” kimi ifadə edilirdi. Lakin daha mürəkkəb əməliyyatlarda sözlərdən daimi istifadə çaşqınlıq yaradırdı. Ona görə də, riyaziyyatçılar özlərinə məxsus bəzi abbreviaturalardan istifadə etməyə başladılar. Bu abbreviaturalar zamanla qəbul edilmiş və universal olmuşdur. İndi isə riyaziyyatda ən çox istifadə olunan işarə və simvolların necə və nə vaxt yarandığına nəzər salaq.


Əlavə işarəsi (+): Əlavə işarəsi ilk dəfə 1489-cu ildə Johannes Widmann tərəfindən yazılmış "Mercantile Arithmetic" adlı mətndə qeyd edilib. Onun latınca “və” mənasını verən “&” termininin qısa şəkli olduğu güman edilir. Əvvəllər bu işarə latın dilində aşağıdakı kimi ifadə edilib. 



Çıxma işarəsi (-): Tarixi Qədim Misir və Qədim Yunanıstanda yaşamış riyaziyyatçılara gedib çıxsa da, çıxma işarəsi Avropada 16-cı əsrdə populyarlıq qazanıb. 


Vurma işarəsi (x): Çoxalmanı göstərən “x” işarəsi ilk dəfə 1631-ci ildə ingilis riyaziyyatçısı Uilyam Oughtred tərəfindən istifadə edilib. Daha çox vurma işarəsi kimi istifadə olunan "•" işarəsini ilk dəfə Gottfried Wilhelm Leibniz istifadə edib. 1698-ci ildə Leybniz Con Bernoulliyə deyib ki, vurma üçün istifadə edilən işarə ilə tənliklərdə naməlum qiymətlər üçün ümumi istifadə olunan "x" işarəsi bir-biri ilə qarışdırıla bilər. Ona görə də, "•" işarəsindən istifadə edəcəyini bildirən məktub yazıb.


Bölmə işarəsi (÷): Alman riyaziyyatçısı Michael Stifel bölmə üçün açılış mötərizə işarəsindən istifadə edib. 1544-cü ildə nəşr olunan “Arithmetica Integra” kitabında 24/8 əməliyyatını 24(8) ilə ifadə edib.1659-cu ildə bölmə əməliyyatı ilk dəfə İohann Rahn tərəfindən “÷” işarəsi ilə göstərilmişdir. Sonra isə 1684-cü ildə Leybniz həm bölmə əməliyyatı, həm də iki ədədin bir-birinə nisbəti üçün “:” ifadəsindən istifadə edib.


Bərabər işarəsi (=): İlk dəfə 1557-ci ildə riyaziyyatçı Robert Rekord tərəfindən istifadə edilib. Rekord bərabərliyi ifadə etmək üçün iki paralel xətt seçdiyini və heç bir şeyin bu xətlər qədər bərabər ola bilməyəcəyini bildirib. İşarə o vaxtdan bəri universal olaraq istifadə olunur.


Kvadrat kök İşarəsi (√): Kvadrat kök işarəsi ilk dəfə 1525-ci ildə Christoff Rudolff tərəfindən istifadə edilib. Rudolff ikidən böyük dərəcə köklərini ifadə etmək üçün alt işarələr əvəzinə müxtəlif simvollardan istifadə edirdi. Ancaq bu gün ikidən böyük dərəcənin kök indeksi ədədi böyütməklə ifadə edilir. Məsələn, n√a ədədi, burada a∈R+ və n>2 kimi göstərilir. 


Sonsuzluq işarəsi (∞): Sonsuzluq işarəsi 1655-ci ildə ingilis riyaziyyatçısı Con Uollis tərəfindən icad edilib. Digər riyaziyyatçılar və filosoflar tərəfindən qəbul edilən bu işarə indi əsas elmdə və populyar mədəniyyətlərdə geniş istifadə olunur.


Pi simvolu (π): Sonsuzluqdan danışarkən π rəqəmini qeyd etməyə bilmərik. Hər hansı dairənin çevrəsini onun diametrinə böldükdə əldə edilən bu nisbət sonsuz uzun ədədlərdən ibarətdir. Uilyam Cons ilk dəfə 1706-cı ildə təqribən 3,14 hesablanmış π rəqəmindən istifadə etib. 


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et