Bu gün:

Feminizm


Bu məqalə feminizm haqqında təməl məlumatlardan bəhs edir və feminist diskursun çərçivəsini göstərir. Feminizmin formalaşdığı dövrlər, əsas siyasi-feminist cərəyanlar və onların mövzuları xülasə edilir, həmçinin feminist tədqiqatların istiqamətləri haqqında məlumat verilir.

Feminizmə giriş

Feminizm cəmiyyətdəki münasibətləri, kişi və qadın arasındakı tabeçiliyi və cins nizamını tənqid edir. Feminizm cinsi tabeçilik, qadının kişiyə münasibətdə aşağı dəyərləndirilməsi və ayrı-seçkilik səbəblərinin elmi müstəvidə başa düşülməsi, bu kimi problemlərin aradan qaldırılması üçün yeni yanaşmalar təqdim edərək “qadınlar və kişilər arasındakı güc, iqtidar və zorakılıq fenomenlərinə fokuslanır” (Becker-Schmidt və Knapp 2011, 67).

“Necə olub ki, cinslər arasında maddi, siyasi və simvolik, mədəni resursların qeyri-bərabər bölgüsü baş verib? Cinsiyyət ayrı-seçkiliyi strukturları necə izah edilməlidir, qadınların kişilərlə müqayisədə aşağı dəyərləndirilməsi və aşağı sinifləndirilməsi nə üçün baş verir, cinslərin bir-birindən ayrılması, gender qrupları arasında iyerarxik münasibətlər və gender fərqlilikləri barədə xüsusi təsəvvürlər bir-biri ilə necə əlaqə yarada bilir?” sualları feminist diskursda müzakirə edilir. 

Feminist diskurs kişi və qadınlar arasında güc, iqtidar, ayrı-seçkilik və cins nizamı ətrafında aparılan arqumentativ dialoqdur. 1970-ci illərdən başlayaraq feminist diskursun tənqidi yanaşmaları oturuşmuş dəstxətdə dəyişikliklərə yol açır və kişi mərkəzli (andosentrik) nizamı mühakimə edərək, proqressiv yanaşmalar təklif edir (bundan əvvəlki dövr mühafizəkar feminizm adlanır və o, əsasən qanunverici müstəvidə qadınlara hüquq bərabərliyi tələb etməklə məhdudlaşır). Kişi mərkəzli nizam iki cinsli sistemdə kişi cinsi üçün sərfəli, qadın və LGBTIQ+ üçün isə əlverişsiz şəraitdə məhdud hərəkət, davranış və reallaşdırma fürsəti yaradır. Bu yazıda cins dedikdə bioloji yox, sosial cins nəzərdə tutulacaq.

Bioloji və sosial cins anlayışları nədir və bir-birindən necə fərqlənir?

 1970-ci ildən istifadə edilən bioloji cins (məsələn, qız, oğlan) və sosial cins (yəni gender, məsələn, qadın, kişi) anlayışları bu problemlərdəki mübahisəli düyünlərin açılması üçün zəruri fərqləndirmə oldu. Bioloji cins bədənə görə təsnifatlandırılır, sosial cins isə sosial normativlər əsasında formalaşdırırlır. Tədqiqatçılar kişilik (maskulinlik) və qadınlıq (femininlik) normativlərinə və bu normativlərə əsaslanan gender rollarına fokuslandı. Keçən əsrin ortalarında sosial rollar anlayışı yarandı və tezliklə gender rollarına nəql edildi. 

Patriarxallıq konsepti bərabərlik və fərqlilik debatlarında əsas istinad yeri oldu və cinsi qeyri-bərabərliyin əsası, o cümlədən cinslər arasındakı fərqliliyə dair yanaşmalar patriarxallıq konseptinin izahından sonra daha da möhkəmləndi. Sinfi cəmiyyət, irqçilik, etnik ayrı-seçkilik və tabeçilik cinslər arası münasibətlərdə opressiv faktorlar kimi yer aldı. Bu səbəbdən feminizm emansipasiya, hüquq bərabərliyi əsasında tabeçilik, cinsi iyerarxiya, cinsi təsnifat və ayrı-seçkiliyə etiraz kimi formalaşıb. Lakin cins problemi ətrafında müzakirələr bu faktorlarla məhdudlaşmadı. Cins anlayışı özü problemin əsası kimi mühakimə edilməyə başlandı.

Mənbə: haberturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et