Bu gün:

Kosmosda "mükəmməl Günəş sistemi" tapılıb


Kosmosda "mükəmməl Günəş sistemi" tapılıb

Bu Gün, 19:23

Astronomlar Yerdən 100 işıq ili uzaqlıqda milyardlarla ildir dəyişməz qalan 6 planetdən ibarət Günəş sistemini kəşf ediblər.

 Perfect solar system' found in search for alien life - BBC News 

Bu sistem alimlərə yaşamaq şansı olan planetləri araşdırmaq üçün ideal şərait yaradır. Sistemin mərkəzində yerləşən ulduz HD110067 illərdir astronomların marağına səbəb olub. Sistemdəki bütün planetlər eyni ölçüdədir və təqribən 12 milyard il əvvəl yarandıqdan sonra çox az struktur dəyişikliyinə məruz qalmışdır. Bu, sistemin necə əmələ gəldiyini və həyatı qəbul edib-etmədiyini öyrənmək imkanı verir.

Tədqiqata rəhbərlik edən Çikaqo Universitetindən doktor Rafael Luque tapılan sistemi “mükəmməl Günəş sistemi” kimi təsvir edir: “Bu planetlər onların əmələ gəlməsini müşahidə etmək üçün idealdır, çünki onların başlanğıcı xaotik olmayıb və yarandıqları vaxtdan bəri dəyişməyiblər".


İngiltərədəki Uorvik Universitetindən doktor Marina Lafarqa-Maqro “Bu, həqiqətən də həyəcan vericidir, biz daha əvvəl heç kimin görmədiyi bir şey görürük”,- deyə bildirdi.

Bizim Günəş sistemimiz çox "dağıdıcı və şiddətli" bir proses vasitəsilə formalaşmışdır. Planetlər yaranarkən bəziləri bir-biri ilə toqquşaraq orbitlərini dəyişmiş və buna görə də Yupiter və Saturn kimi nəhəng planetlərlə yanaşı, sistemimizdə Yer kimi daha kiçik planetlər də əmələ gəlmişdir.

HD110067 sisteminin formalaşması prosesi bizimkindən demək olar ki, "tamamilə fərqli" idi. Bu sistemdəki planetlərin hamısı təxminən eyni ölçüdədir və Günəş Sistemimizdəki planetlərin əlaqəsi olmayan orbitlərindən fərqli olaraq, bu planetlər sinxron hərəkət edir.


HD110067-yə ən yaxın olan planet ulduzun ətrafında 3 dəfə, növbəti planet 2 dəfə, sonrakı planet isə bir dəfə dövr edir. 4-cü planetdən başlayaraq, planetlər bir-biri ilə 4:3 nisbətində nisbi orbital sürətlə fırlanır. Bu mürəkkəb hərəkət özlüyündə o qədər dəqiq və nizamlıdır ki, tədqiqatçılar hər planetə bir not və ritm təyin edərək, bu hərəkəti musiqi qutusu kimi bir musiqi parçasına çevirdilər.  

Son 30 ildə astronomlar minlərlə günəş sistemi kəşf ediblər, lakin heç biri planetlərin əmələ gəlməsini öyrənmək üçün belə əlverişli şərait təklif etmir. Sistemin mərkəzindəki parlaq ulduz planetlərin atmosferlərində həyat izlərinin axtarışını da asanlaşdırır.
Sistemdəki 6 planetin hər biri “kiçik Neptun” adlanır. Neptun Yerdən təxminən 4 dəfə böyükdür. Yeni kəşf edilən sistemdəki planetlərin hamısı Yerdən təxminən 2-3 dəfə böyükdür.

Bu yaxınlarda elm aləmində böyük həyəcan yaradan daha bir kəşf edildi. Ölçülərinə görə Neptuna da yaxın olan başqa bir sistemdə "K2-18b" planetinin atmosferində Yerdəki canlıların yaratdığı qazlara bənzər qazların izləri tapılıb. Astronomlar bu imzaları “bioimza” adlandırırlar.

Neptuna bənzər bu planetlərin qalaktikamızda ən çox yayılmış planet növü olduğu təxmin edilir. Lakin, astronomlar bu planetlər haqqında çox az şey bilirlər. Onların qayadan, qazdan və ya sudan ibarət olması və ən əsası yaşayış şəraitinin olub-olmadığı bilinmir.

Doktor Lukenin sözlərinə görə, bu təfərrüatları öyrənmək hazırda astronomiya aləmində ən çətin məsələlərdən biridir və buna görə də HD110067 sistemi bu suallara cavab tapmaq üçün əla fürsət ola bilər. Dr. Luque ümid edir ki, biz 10 ildən az müddətdə cavab ala bilərik.

Tədqiqat qrupu belə planetlərin həyat üçün şərait yaratdığını aşkar edərsə, bu, bizim yerdən kənar həyatın izlərini tapmağa daha yaxın olduğumuz anlamına gələcək. Ən son kəşf NASA-nın TESS və Cheops peykləri vasitəsilə həyata keçirilib.

Mənbə: BBC
Tərcümə etdi: Nəzrin Orucova

Paylaş
Şərh əlavə et