Nigeriyada insan haqları fəalları qərbi Afrika ölkəsində hiddətə səbəb olan 100 gənc qadının kütləvi mərasimlə nikaha daxil edilməsi planının dayandırılması üçün petisiyaya başlayıblar.

Əsasən müsəlmanların yaşadığı Niger əyalətinin milli məclisinin spikeri Abdulmalik Sarkindaji tərəfindən maliyyələşdirilən plan Nigeriyanın qadın işləri üzrə naziri Uju Kennedi Ohanenye tərəfindən tənqid edilib. O, gələn həftə mərasimi dayandırmaq və qızlardan hər hansı birinin azyaşlı olub-olmadığını müəyyən etmək üçün məhkəməyə müraciət edəcəyini söyləyib.

Sarkindaji qızların və gənc qadınların Nigeriyanın şimalında gəzən oğurluq dəstələrinin hücumları nəticəsində valideynlərinin öldürüldüyü yetim uşaqlar olduğunu söyləyib.
Çərşənbə günü başladılan və 8,000-dən çox imza toplayan petisiyada deyilir ki, Niger əyalət hökuməti qızları zorla ərə vermək əvəzinə onların təhsilinə üstünlük verməlidir.
Fəallar: “Biz təklif olunan məcburi nikahların dayandırılması üçün təcili tədbir görülməsini və bunun əvəzinə bu qızların ləyaqətli həyat sürmələrinə imkan verəcək tədbirlərin həyata keçirilməsini tələb edirik”– deyib.
Mənbə: theguardian.com
Tərcümə etdi: Bənövşə Bağırova
