Bu gün:

Hörmüz boğazında gəmilərə hücumların sayı rekord həddə çatıb


Hörmüz boğazı və ətraf ərazilərdə ticarət gəmilərinə qarşı hücumların sayı İran müharibəsi başlayandan bəri ən yüksək həddə çatıb.

24media.az CNN-ə istinadən xəbər verir ki, müharibədən əvvəl dünya neftinin təxminən beşdə biri Hörmüz boğazı vasitəsilə daşınırdı. Hazırda isə İranın hücumları və ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokada səbəbindən bölgədə gəmiçilik fəaliyyəti xeyli azalıb. Gəmilərə hücumlar neft və qaz daşımalarına mane olmaqla yanaşı, qlobal iqtisadiyyata da təsir göstərir.


Ekspertlərin fikrincə, dünya bazarında neft qiymətlərinin aşağı düşməsi və İranın neft gəlirlərinin azalması Tehranın strateji mövqeyini zəiflədir. Bu səbəbdən İranın ABŞ-dən güzəştlər əldə etmək məqsədilə bölgədə hücumları daha da intensivləşdirə biləcəyi ehtimal olunur.


ABŞ Prezidenti Donald Tramp isə İranla hər hansı razılaşmaya ehtiyac olmadığını bildirib. O, ABŞ-nin Hörmüz boğazına nəzarət etdiyini iddia edib və zərurət yaranarsa, İrana qarşı hərbi zərbələrin yenidən endirilə biləcəyini vurğulayıb.


Digər tərəfdən, cümə və şənbə günləri Hörmüz boğazından çıxan üç neft tankeri naməlum mərmilərlə hücuma məruz qalıb. Dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Marisks şirkətinin məlumatına görə, Marşal adalarının bayrağı altında üzən “Captain Leon” tankeri cümə günü ön hissəsindən vurulub və nəticədə gəmidə yanğın baş verib. Ekipaj üzvlərinin təhlükəsiz olduğu bildirilib.


Şənbə günü isə Honkonq bayrağı altında üzən “Torkel” neft tankerinin arxa hissəsi vurulub və gəmidə yanğın başlayıb. Bundan bir saat keçməmiş, yenə Honkonq bayrağı altında üzən “Arina” tankeri mühərrik bölməsindən raket zərbəsinə məruz qalıb. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.


Marisks şirkəti baş verən hadisələrin Hörmüz boğazında kommersiya gəmiləri üçün təhlükənin hələ də kritik səviyyədə olduğunu göstərdiyini bildirib. Xüsusilə Oman sahillərinə yaxın cənub marşrutunda gəmiçilik ciddi risklərlə üzləşir.




Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et