Bu gün:

ABŞ Çinin süni intellekt texnologiyalarına çıxışını məhdudlaşdırır


ABŞ administrasiyası Çinin qabaqcıl süni intellekt (AI) çiplərinə çıxışını məhdudlaşdırmaq məqsədilə yeni ixrac qaydaları tətbiq edib. Yeni qaydalar, əsasən, Sinqapur, Malayziya, İndoneziya, Tailand və Braziliyaya göndərilən müəyyən qabaqcıl yarımkeçirici çiplərə aiddir.

24media.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ hökumətinin qərarına əsasən, bu ölkələrə müəyyən növ süni intellekt çiplərinin ixracı üçün xüsusi lisenziya tələb olunacaq. Bundan əlavə, Çində yerləşən şirkətlərə böyük həcmdə hesablama gücü təqdim edən xarici məlumat mərkəzləri də əlavə nəzarət və lisenziyalaşdırma tələbləri ilə üzləşəcək.

Vaşinqton bu addımı Amerika texnologiyalarının üçüncü ölkələr vasitəsilə Çinə ötürülməsinin qarşısını almaq və milli təhlükəsizliyi qorumaq məqsədilə atdığını bildirir.

Yeni məhdudiyyətlər Cənub-Şərqi Asiyanın texnologiya sektoruna da təsir göstərib. Xüsusilə, məlumat mərkəzləri və çip istehsalı ilə əlaqəli şirkətlərin səhmlərində ciddi ucuzlaşma müşahidə olunub. Ekspertlər hesab edirlər ki, bu qərar regionda texnologiya sahəsinə yatırılan investisiyalara və gələcək layihələrə təsir göstərə bilər.

Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et