Rusiyanın bəzi milyarderləri və biznes elitasının nümayəndələri Vladimir Putinin hakimiyyətdən getməsindən sonrakı dövrü müzakirə etməyə başlayıblar. Onlar ölkədə siyasi sistemin gələcəkdə necə dəyişə biləcəyini və oliqarxların 1990-cı illərdə olduğu kimi siyasi təsirlərini yenidən bərpa etməsi ehtimalını nəzərdən keçirirlər.

Rusiyanın milyarderləri və biznes elitasının bəzi nümayəndələri Vladimir Putinin hakimiyyətdən getməsindən sonrakı dövr barədə düşünməyə başlayıblar. Onlar ölkədə siyasi sistemin dəyişməsi və oliqarxların yenidən siyasi təsir imkanları əldə etməsi ehtimalını müzakirə edirlər.
Putin 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonra Rusiyanın ən varlı iş adamlarını Kremldə toplayaraq onları hökumətlə əməkdaşlığa çağırıb. Həmin görüşdə milyarderlər müharibə ilə bağlı mövqelərini açıq şəkildə ifadə etməyiblər. Bu susqunluq oliqarxların hakimiyyət qarşısında ehtiyatlı davranışının göstəricisi kimi qiymətləndirilir.
1990-cı illərdə Rusiyanın biznes elitası ölkənin siyasi qərarlarına ciddi təsir imkanlarına malik idi. Lakin Putinin 2000-ci ildə hakimiyyətə gəlməsindən sonra oliqarxların siyasi təsiri məhdudlaşdırılıb. Ukraynaya qarşı müharibədən sonra tətbiq edilən Qərb sanksiyaları isə onların xaricdəki imkanlarını daha da daraldıb.
Ekspertlər Putindən sonrakı Rusiya üçün üç mümkün ssenarini nəzərdən keçirirlər: demokratik idarəetməyə keçid, yeni avtoritar rəhbərin hakimiyyətə gəlməsi və oliqarxların siyasi təsirinin yenidən güclənməsi. Bununla belə, analitiklər demokratik dəyişiklikləri ən az ehtimal olunan variant hesab edirlər.
Rusiyalı milyarder Andrey Melnichenkonun “The Economist” nəşrinə verdiyi müsahibədə ölkədə tək nəfərin hakimiyyətinə son qoyulmasının və Rusiyanın dünya ilə əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulaması da diqqət çəkib.
Ekspertlərin fikrincə, oliqarxlar hazırda Putinə qarşı açıq mövqe nümayiş etdirməkdən çəkinirlər. Onların gələcək siyasi təsiri ölkədə hakimiyyət dəyişikliyinin necə baş verəcəyindən və biznes elitasının malik olacağı imkanlardan asılı olacaq.
Mənbə: BBC News
Tərcümə etdi: Fatimə Hüseynova
