Böyük Britaniyanın Baş naziri Endi Börnham Avropa İttifaqı (Aİ) ilə münasibətlərin yenidən qurulması məsələsinə toxunaraq, Brexit nəticəsində ölkənin qazandığından daha çox itirdiyini bəyan edəcəyini bildirib.

O, bazar ertəsi Lord Merinin ziyafətindəki çıxışı zamanı Brexit razılaşmasını “imperatorun yeni paltarı”na bənzədəcək. Baş nazirin sözlərinə görə, həddindən artıq sərt Brexit biznes üçün əlavə maneələr yaradıb, “nəzarəti geri qaytarmaq” vədi isə yerinə yetirilməyib.
Börnham bu fikirləri Böyük Britaniya ilə Avropa İttifaqı arasında bu həftə keçiriləcək sammit ərəfəsində səsləndirəcək. Cümə günü baş tutacaq görüşdə ərzaq ticarəti, emissiyaların ticarəti və gənclərin mobilliyi sahələrində yeni razılaşmaların əldə olunması gözlənilir.
Baş nazir çıxışında “Bizə təqdim edilən Brexit nəticə vermədi. Qazandıqlarımızdan daha çoxunu itirdik” deyəcəyini bildirib.
Bununla belə, Börnham Böyük Britaniyanın vahid bazara, gömrük ittifaqına və sərbəst hərəkət prinsipinə qayıtmasını nəzərdə tutan dəyişiklikləri dəstəkləmədiyini vurğulayacaq. O, Aİ ilə yeni razılaşmaların insanların gündəlik həyatında real müsbət nəticələr yaratmalı olduğunu qeyd edəcək.
Mühafizəkarlar Partiyası Leyboristlər hökumətini ölkəni yenidən Avropa İttifaqına yaxınlaşdırmaqda ittiham edib. Keçmiş baş nazir Boris Conson da Börnhamı Brexit məsələsini yenidən gündəmə gətirdiyinə görə tənqid edib.
Liberal Demokratlar Partiyası Böyük Britaniyanın Aİ-nin vahid bazarına və gömrük ittifaqına qoşulmasını, Yaşıllar Partiyası isə ölkənin Aİ-yə tam üzvlüyünün bərpasını müdafiə edir.
Mənbə: The Guardian
Tərcümə etdi: Fatimə Hüseynova
