Kanadanın Baş naziri Mark Karni ABŞ-la ticarət danışıqları uğursuz olacağı təqdirdə Çin avtomobil istehsalçıları ilə əməkdaşlıq edə biləcəklərini bildirib.
24media.az “The Guardian”a istinadən xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampla aparılan ticarət danışıqları Şimali Amerikanın vahid avtomobil sənayesinin qorunmasını təmin etmədiyi təqdirdə ölkəsinin Çin, Yaponiya və Avropa avtomobil istehsalçıları ilə əməkdaşlığa yönələ biləcəyini bildirib.
Karni bu fikirləri noyabrın 16-da Kambocanın paytaxtı Pnompendə keçirilən Frankofoniya Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında səsləndirib.
Kanada Baş nazirinin bu həftə Çinin Şençjen şəhərində ölkə lideri Si Cinpinlə görüşü nəzərdə tutulub. Görüş zamanı avtomobil istehsalı sahəsində əməkdaşlıq məsələsinin də müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, iki ölkənin liderləri yanvar ayında Çin istehsalı olan elektrik avtomobillərinin Kanadaya güzəştli gömrük rüsumları ilə idxalına imkan verən razılaşma əldə ediblər. Razılaşmaya əsasən, idxal rüsumu 100 faizdən 6,1 faizə endirilib və ilkin mərhələdə ildə 49 minədək avtomobilin idxalına icazə verilib.
Karni Kanada avtomobil sənayesi işçilərinin yüksək peşəkarlığını vurğulayaraq, onların Şimali Amerikanın vahid bazarında potensiallarını tam reallaşdırmaları üçün imkanların yaradılmasının vacibliyini qeyd edib.
“Biz dünyanın ən yaxşı avtomobil sənayesi işçilərinə sahibik və onların Şimali Amerikanın vahid bazarında tam potensiallarını reallaşdırmasını istəyirik. ABŞ-ın ticarət siyasəti nəticəsində bu bazarda inteqrasiya səviyyəsi azalıb”, – deyə baş nazir bildirib.
Fərid Tapdıqov
