
Mingəçevir Dövlət Universitetində (MDU) son bir il ərzində əməkdaşların elmi və akademik fəaliyyəti üzrə 100-ə yaxın nəticə qeydə alınıb. Bu nailiyyətlərə töhfə verən 100-ə yaxın əməkdaş mükafatlandırılıb.
24media.az xəbər verir ki, universitet əməkdaşlarının son bir ay ərzində 40 elmi məqaləsi “Scopus” beynəlxalq elmi bazasında indekslənib. Məqalələrdən 8-i Q1, 1-i Q2, 31-i isə Q3 kvartilinə aid jurnallarda dərc olunub.
Universitetin məlumatına görə, son beş ildə “Scopus” bazasında indekslənən məqalələrin sayında artım müşahidə edilib. 2026-cı ilin noyabr ayınadək qeydə alınan göstərici 2025-ci ilin nəticəsindən təxminən üç dəfə çox olub.
MDU-da əməkdaşların elmi və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi məqsədilə diferensial əməkhaqqı sistemi tətbiq edilir. 2026-cı ilin dekabrında 30 əməkdaşın fəaliyyət göstəricilərinə əsasən əməkhaqlarının artırılması planlaşdırılır. Onlardan 10 nəfərin əməkhaqqının 30 faiz, 10 nəfərin 20 faiz, digər 10 nəfərin isə 10 faiz artırılması nəzərdə tutulur.
Bundan əlavə, qiymətləndirmə prosesinin təşkili üçün Akademik Stimullaşdırma və İnkişaf Sistemi (ASİS) platforması təqdim edilib. Platforma vasitəsilə əməkdaşlar elmi və akademik fəaliyyət göstəricilərini sistemə daxil edə biləcəklər.
Həvva Cəbrayılova
