Rusiya Prezidenti Vladimir Putin Ukraynada sülh istədiyini bəyan etsə də, Kreml müharibənin dayandırılması üçün Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını tələb edir.

24media.az BBC-yə istinadən xəbər verir ki, Rusiya ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə keçirilən görüşdə Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılması məsələsini gündəmə gətirib.
Moskvanın tələbləri arasında Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünün qarşısının alınması, eləcə də Alyansın Mərkəzi və Şərqi Avropadakı hərbi infrastrukturunun geri çəkilməsi yer alır. Rusiya bu təklifləri ilk dəfə 2021-ci ilin dekabrında irəli sürmüş, Qərb isə onları qəbuledilməz hesab etmişdi. İki ay sonra Moskva Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamışdı.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın bu tələblərini diqqəti atəşkəsdən yayındırmaq cəhdi kimi qiymətləndirib. O bildirib ki, ilk növbədə atəşkəs, daha sonra sülh sazişi əldə olunmalı, Avropanın təhlükəsizlik məsələləri isə bundan sonra müzakirə edilməlidir.
Bu həftə Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib. ABŞ nümayəndəsi Stiv Uitkoff Putinin növbəti görüşlərdə Avropa təmsilçilərinin iştirakına müsbət yanaşdığını bildirsə də, Kreml hələlik bununla bağlı yekun qərar verilmədiyini açıqlayıb.
BBC-nin Rusiya üzrə redaktoru Stiv Rozenberqin təhlilinə görə, Putin hazırda diplomatik baxımdan özünü üstün mövqedə hiss edir. ABŞ-ın Moskva ilə razılaşma axtarması və Avropa liderlərinin Rusiya ilə təmas imkanlarını nəzərdən keçirməsi Kremlin mövqeyini gücləndirir.
Bununla yanaşı, Rusiyanın iqtisadiyyatı artan təzyiqlərlə üzləşir, Ukraynanın pilotsuz uçuş aparatları ilə neft emalı zavodlarına hücumları isə yanacaq çatışmazlığı riskini artırır. Buna baxmayaraq, bu amillər hələlik Putini müharibəni dayandırmağa vadar etməyib.
Zəhra Məlikova
