ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Uitkoff Ukrayna müharibəsinə son qoyulması ilə bağlı danışıqları davam etdirmək məqsədilə Moskvaya səfər edəcək.

24media.az CNN.news-a istinadən xəbər verir ki, Kuşner bildirib ki, onlar noyabrın 12-də Rusiya Prezidenti Vladimir Putinlə görüşərək Əbu-Dabidə keçirilən danışıqlarda müzakirə olunan məsələləri nəzərdən keçirəcək və irəliləyiş əldə etməyə çalışacaqlar.
Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə iki gün davam edən danışıqlar konkret nəticə əldə olunmadan başa çatıb. Bununla belə, Ukrayna Prezidenti Volodimir Zelenski yeni əsir mübadiləsi ilə bağlı mühüm humanitar razılaşmanın əldə olunduğunu açıqlayıb.
Ukraynanın baş danışıqlar nümayəndəsi Rustem Umerov bəzi məsələlərdə, o cümlədən təhlükəsizlik sahəsində irəliləyiş əldə edildiyini, lakin tərəflər arasında ciddi fikir ayrılıqlarının qaldığını bildirib.
Rusiyanın nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə bəzi məsələlərdə qarşılıqlı anlaşma əldə edildiyini, müzakirələrin davam etdiriləcəyini deyib.
Kuşner və Uitkoffun Avropa ölkələrinin danışıqlara cəlb olunması məsələsini də müzakirə edəcəyi bildirilir. ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun gələcək danışıqlarda Avropa nümayəndələrinin birbaşa iştirakını istədiyini açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də Avropanın diplomatik prosesin bütün mərhələlərində təmsil olunmasının vacibliyini vurğulayıb.
Banuçiçək Qurbanova
