Bu gün:

Norveç dünyanın ən uzun və ən dərin sualtı avtomobil tunelini inşa edir


Norveçdə dünyanın ən uzun və ən dərin sualtı avtomobil tuneli tikilir. Layihənin əsas məqsədi ölkənin böyük şəhərləri arasında nəqliyyat əlaqəsini yaxşılaşdırmaq, səfər müddətini azaltmaq və bərə keçidlərini aradan qaldırmaqdır.


24media.az CNN.news-a istinadən bildirir ki, 27 kilometr uzunluğunda olan tunel “Rogfast” adlanır. Onun ən dərin nöqtəsi dəniz səviyyəsindən 392 metr aşağıda yerləşəcək. Tikinti işlərinə 2018-ci ilin yanvarında başlanılsa da, xərclərin artması səbəbindən 2019-cu ilin sonunda layihə dayandırılıb. İşlər 2021-ci ilin sonunda bərpa olunub. Tunelin 2033-cü ildə istifadəyə verilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri təxminən 25 milyard Norveç kronu (2,4 milyard dollar) qiymətləndirilir.

Beynəlxalq tikinti şirkəti “Skanska”nın layihə rəhbəri Anne Brit Moen bildirib ki, tunel Norveçin qərb sahillərində nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Onun sözlərinə görə, Rogfast tuneli Bergen və Stavanger şəhərləri arasında səfər müddətini təxminən 40 dəqiqə azaldacaq və gündəlik gediş-gəlişi asanlaşdıracaq.

Tunelin hər iki tərəfdən eyni vaxtda qazılması planlaşdırılır. Tikinti qruplarının tunelin ortasında cəmi 5 santimetrlik xəta payı ilə birləşməsi nəzərdə tutulur. Dəqiqliyi təmin etmək üçün lazer ölçmə sistemlərindən istifadə edilir. Xüsusi skaner saniyədə 2 milyon ölçmə nöqtəsi toplayaraq tunelin rəqəmsal modelini yaradır. Bu model layihə planları ilə müqayisə edilərək mümkün səhvləri müəyyənləşdirməyə imkan verir.

Tikinti zamanı əsas çətinliklərdən biri dəniz suyunun tunelə sızmasının qarşısını almaqdır. Anne Brit Moen bildirib ki, artıq dəniz səviyyəsindən 300 metr dərinlikdə yerləşən hissələrdə duzlu su sızmaları qeydə alınıb. Tunelin daha da dərinləşəcəyi nəzərə alınaraq, təhlükəsizlik tədbirləri gücləndirilir. Tuneldə hava dövranını təmin etmək üçün xüsusi ventilyasiya sistemi quraşdırılacaq. Bundan əlavə, qəza, avtomobilin xarab olması və tıxac kimi hadisələri müəyyənləşdirmək üçün kameralar, radarlar və real vaxt rejimində xəbərdarlıq sistemi tətbiq ediləcək.

Qeyd edək ki, hazırda dünyanın ən uzun sualtı dəmir yolu tuneli Yaponiyada yerləşən Seikan tunelidir. Onun ümumi uzunluğu 53,85 kilometr, sualtı hissəsi isə 23,3 kilometrdir. İngiltərə ilə Fransanı birləşdirən La-Manş tunelinin sualtı hissəsi isə 37,9 kilometrdir. Rogfast tuneli isə dəniz səviyyəsindən 392 metr aşağıda yerləşməklə hər iki tuneldən daha dərin olacaq.


Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et