Bu gün:

ABŞ-də məlumat mərkəzləri seçkilərin əsas mövzularından birinə çevrilib


ABŞ-də süni intellekt texnologiyalarının fəaliyyəti üçün yaradılan məlumat mərkəzlərinə qarşı ictimai narazılıq aralıq seçkilərində Demokratlar Partiyasının kampaniyalarında əsas mövzulardan birinə çevrilib.

24media.az CNN’ə istinadən xəbər verir ki, bir sıra Demokrat namizədlər məlumat mərkəzlərinin elektrik enerjisi qiymətlərini artırdığını, əmlak dəyərinə mənfi təsir göstərdiyini və yerli sakinlər üçün əlavə problemlər yaratdığını bildiriblər.

Texasda Ceyms Talarikonun kampaniyası məlumat mərkəzlərinin tikintisinə dəstək verən respublikaçı namizəd Ken Pakstona qarşı bu məsələni ön plana çıxarıb. Talariko ştat üzrə seçkilərdə 12 faiz fərqlə qələbə qazanıb.

Oxşar vəziyyət Ohayo, Miçiqan və Cənubi Karolina ştatlarında da müşahidə olunub. Ohayoda azı 10 şəhərdə seçicilər iri məlumat mərkəzlərinin tikintisinin qadağan edilməsini dəstəkləyiblər.

Məlumat mərkəzlərinə qarşı narazılığın əsas səbəbləri elektrik enerjisi xərclərinin artması, ətraf mühitə təsir və yaşayış ərazilərinin dəyişməsi ilə bağlı narahatlıqlardır.

Respublikaçılar isə məlumat mərkəzlərinin iqtisadi faydalarını və ABŞ-nin süni intellekt sahəsində Çinlə rəqabət aparması baxımından əhəmiyyətini vurğulayırlar.

Seçkilərin nəticələrindən sonra bəzi Respublikaçı strateglər partiyanın 2028-ci il prezident seçkiləri ərəfəsində süni intellekt və məlumat mərkəzləri ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməli olduğunu bildiriblər.

Aydan Xudayarova


Paylaş
Şərh əlavə et