Bu gün:

Hər gün yerfındığı yeməyin beyin sağlamlığına müsbət təsiri müəyyən edilib


Niderlandın Maastrixt Universiteti Tibb Mərkəzinin tədqiqatçıları yeni araşdırma aparıblar. Araşdırmanın nəticələrinə görə, hər gün duzsuz, qabıqlı və qovrulmuş yerfındığı istehlak etmək yaşlı insanlarda yaddaşla əlaqəli beyin nahiyələrinin insulinə reaksiyasına müsbət təsir göstərə bilər. 

24media.az ScienceDaily.com saytına istinadən xəbər verir ki, qanda şəkərin səviyyəsini tənzimləməklə tanınan insulin beyində də mühüm rol oynayır. O, sinir hüceyrələrinin inkişafına, qorunmasına və bir-biri ilə əlaqə saxlamasına kömək edir.

Tədqiqat zamanı 60–75 yaş arası 31 sağlam iştirakçı 16 həftə ərzində hər gün 60 qram duzsuz, qabıqlı və qovrulmuş yerfındığı qəbul edib. Nəticədə beynin sağ yarımkürəsində yaddaşla əlaqəli bəzi nahiyələrin insulinə reaksiyasında müsbət dəyişikliklər müşahidə olunub.

Araşdırmanın rəhbəri, dosent Piter Yoris qeyd edib ki, yaş artdıqca beynin insulinə reaksiyası zəifləyə bilər. Bu dəyişiklik yaşla əlaqəli idrak qabiliyyətinin azalması ilə əlaqələndirilir. Tədqiqatın nəticələri gündəlik yerfındığı istehlakının yaşlı insanlarda beyin sağlamlığına müsbət təsir göstərə biləcəyini göstərir.

Tədqiqatçılar yerfındığının tərkibindəki doymamış yağların, bitki mənşəli zülalların və L-arginin maddəsinin beyin sağlamlığına təsirini də araşdırırlar.



Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et