Avropanın yeddi ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri kiberhücuma məruz qalıb. Nəticədə tonlarla ərzaq məhsulu yararsız hala düşüb.

24media.az BBC-yə istinadən xəbər verir ki, hücum Belçika, Lüksemburq, İsveç, İrlandiya, Niderland, Estoniya və Finlandiyada qeydə alınıb. Belçika və Lüksemburqda Delhaize şəbəkəsinin təxminən 40 mağazası hücumdan təsirlənib.
Məlumata görə, hakerlər soyuducu qurğuları buzun əridilməsi rejiminə keçirərək temperaturun yüksəlməsinə səbəb olublar. İsveçdəki bir ICA mağazasında soyuducu və dondurucuların temperaturunun 50 dərəcəyədək yüksəldiyi bildirilir.
Belçikadakı bir Delhaize mağazası hücum nəticəsində təxminən 100 min avro dəyərində məhsul itkisi ilə üzləşib. İsveç, İrlandiya və Niderlandda da bir sıra supermarket və ərzaq mağazalarının soyutma sistemləri təsirlənib.
Belçika və İsveçin kibertəhlükəsizlik qurumları hadisəni izləyir. Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etdiyini açıqlayıb.
Kiberhücumun arxasında kimin dayandığı hələlik məlum deyil. Bildirilir ki, oxşar hücum oktyabr ayında Fransada da baş verib və yüzlərlə supermarketin soyutma sistemlərinə təsir göstərib.
Zəhra Məlikova
