Bu gün:

Almaniyada etirazlar iğtişaşlara çevrilib


Almaniyanın bir sıra şəhərlərində yaşayış xərclərinin artmasına qarşı keçirilən etiraz aksiyaları gecə saatlarında iğtişaşlarla nəticələnib. Frankfurt şəhərinin mərkəzində mağazalar talan edilib, polis və nümayişçilər arasında toqquşmalar baş verib.

24media.az BBC-yə istinadən xəbər verir ki, Frankfurtla yanaşı, Berlin, Köln və Hamburqda da qarşıdurmalar yaşanıb. Polis etirazçıların fövqəladə xidmət əməkdaşlarına fişəng, daş və butulkalar atmasından sonra su şırnaqlarından istifadə edib.

Aksiyalar əsasən məktəblərin maliyyələşdirilməsinin artırılması, yaşayış xərclərinin azaldılması, dövlət xərclərinin ixtisarı və məcburi hərbi xidmətə qarşı təşkil olunub. Nümayişlərə “Gen Z regelt” adlı gənclər hərəkatı çağırış edib.

Frankfurtda bir neçə mağazanın şüşələri sındırılıb, bəzi obyektlərdən idman ayaqqabıları və digər məhsullar oğurlanıb. Polis silah mağazasına da hücum edildiyini, saxlanılan şübhəlidən iki silahın götürüldüyünü bildirib.

Berlin şəhərində baş verən qarşıdurmalarda 27 polis əməkdaşı xəsarət alıb, 56 nəfər müvəqqəti saxlanılıb. Hamburqda isə 120 nəfərin həbs edildiyi bildirilir.

Etirazların təşkilatçıları aksiyaların əsasən sülh və azadlıq, təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması məqsədi daşıdığını bildiriblər. Bununla belə, bəzi şəhərlərdə nümayişlər zorakılıqla müşayiət olunub.

Qeyd edək ki, oxşar etirazlar Fransada da keçirilib. BBC-nin məlumatına görə, şənbə günü ölkə üzrə 320 mindən çox insan yaşayış xərclərinin artmasına və ictimai xidmətlərin vəziyyətinə etiraz edib. İtaliya və Portuqaliyada da kütləvi nümayişlər və polislə qarşıdurmalar qeydə alınıb.

Zəhra Məlikova 


Paylaş
Şərh əlavə et