ABŞ-nin süni intellekt şirkəti OpenAI modellərinin riyaziyyat, kompüter elmləri və kvant fizikası sahələrində üç mühüm elmi nəticəyə nail olduğunu açıqlayıb. Şirkət əldə edilən nəticələrin yoxlanılması və elmi əhəmiyyətinin qiymətləndirilməsi üçün müstəqil tədqiqatçılarla əməkdaşlığa başlayıb.
24media.az TRT Haber saytına istinadən xəbər verir ki, OpenAI-ın açıqlamasına görə, süni intellekt modelləri riyaziyyatın harmonik analiz sahəsində bütün ölçülər üçün lokal hamarlama fərziyyəsini sübut edib.Bundan əlavə, modellərin kompüter elmlərində uzun müddət doğru hesab edilən Eksponensial Zaman Hipotezini (ETH) təkzib etdiyi və kvant xromodinamikası (QCD) daxil olmaqla, bəzi kvant sahə nəzəriyyələrinin riyazi mövcudluğunu sübut etməyə yönəlmiş nəticələr əldə etdiyi bildirilib. Şirkət nəticələrin elmi etibarlılığını qiymətləndirmək üçün üç istiqamətdə iş aparmağı planlaşdırıb. Bu çərçivədə mütəxəssislərə süni intellektin hazırladığı nəticələri araşdırmaq və müstəqil şəkildə yoxlamaq imkanı yaradılacaq. OpenAI tədqiqatların ilkin məlumatlarını müstəqil araşdırma üçün açacağını, həmçinin əldə olunan nəticələrin kompüter elmlərinə təsirinin müzakirə ediləcəyi konfransı maliyyələşdirəcəyini açıqlayıb. Şirkətin məlumatına görə, süni intellektin əldə etdiyi nəticələr Lean adlı formal riyazi yoxlama sistemi vasitəsilə də təsdiqlənib.
Fidan Mənsimova
