Britaniya rəsmiləri Aİ ilə sərbəst hərəkətliliyə qayıdışı da əhatə edə biləcək uzunmüddətli münasibətləri müzakirə etməyə başlayıblar. Biznes katibi xatırladıb ki, ölkənin qərarlarında son söz Britaniya xalqınındır.

24media.az The Guardian-a istinadən xəbər verir ki, Conatan Reynoldsun sözlərinə görə, Britaniyanın əsas diqqəti noyabrda keçiriləcək Aİ sammitinə yönəlib. Məqsəd ticarət məhdudiyyətlərini yüngülləşdirmək və gənclərin hərəkətliliyi sazişini bağlamaqdır. Baş nazir Endi Bernem də blokla uzunmüddətli və sabit münasibətlərin tərəfdarıdır.
Reynolds BBC-yə bildirib: "Rəsmilər gələcək variantları müzakirə edəcəklər. Lakin hazırda diqqət sammitə və onun gətirəcəyi konkret irəliləyişlərə yönəlməlidir".
O əlavə edib ki, sammitdə elan olunacaq qida-içki və emissiya ticarəti sazişləri mühüm fərq yaradacaq: "Avropa tərəfindəki siyasət dəyişiklikləri bizə təsir edir, ona görə də qeyri-müəyyənliyi minimuma endirməliyik. Baş nazir sammitdən sonra uzunmüddətli münasibətlər planını və bunun gətirəcəyi güzəştləri xalqa açıqlayacaq".
Reynolds vurğulayıb ki, son qərarı seçicilər verəcək, lakin bunun referendum, yoxsa ümumi seçki yolu ilə olacağı dəqiqləşdirilməyib.
Brexit-i dəstəkləyən dairələrin deputatları isə sərbəst hərəkətlilik mövzusunun yenidən açılmasına ehtiyatla yanaşırlar. Leyborist deputat Melani Onn bildirib ki, Brexit referendumunun yaratdığı gərginlik hələ tam aradan qalxmayıb və hazırda bu müzakirələr lüzumsuzdur.
"Reform UK" partiyasının lideri Najel Faraj sərbəst hərəkətliliyi müzakirə etməyi kəskin tənqid edib: "Leyboristlər hökumətə gələndə vahid bazara daxil olmayacaqlarını və sərbəst hərəkətliliyi bərpa etməyəcəklərini vəd etmişdilər. Baş nazirin buna mandati yoxdur və rəsmilərin Brüsseldə danışıqlar aparması yolverilməzdir".
Bernem "Sunday Times"a müsahibəsində sərbəst hərəkətliliklə bağlı dürüst müzakirəyə çağırıb və bunun Aİ ilə danışıqlarda artıq "qırmızı xətt" olmadığını qeyd edib.
Baş nazir əlavə edib: "Sərbəst hərəkətliliyin öz çətinlikləri var idi. Lakin insanların gəlib-getdiyi həmin miqrasiya modeli indikindən fərqli idi. Miqrasiya balansı dəyişib və biz bu barədə açıq danışmalıyıq".
Banuçiçək Qurbanova
