Bu gün:

Ukraynanın Oleşki şəhərində humanitar atəşkəs başlayıb


Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi məqsədilə müvəqqəti atəşkəs elan edilib.

24media.az BBC-yə istinadən xəbər verir ki, Ukrayna rəsmiləri və Rusiyanın Müdafiə Nazirliyi atəşkəs rejiminə əməl olunduğunu bildiriblər. Razılaşmaya əsasən, noyabrın 1-dək humanitar yardımın çatdırılması və sakinlərin təhlükəsiz ərazilərə köçürülməsi nəzərdə tutulur.

Xerson vilayətində yerləşən Oleşki şəhərində sakinlər uzun müddətdir ərzaq, su və elektrik çatışmazlığından əziyyət çəkirlər. Şəhərdə mağazalar fəaliyyət göstərmir, bəzi sakinlər isə aclıqdan xilas olmaq üçün həyətlərdə bitən alaq otlarını bişirərək yeməyə məcbur qalırlar.

Müharibədən əvvəl təxminən 24 min insanın yaşadığı şəhərdə hazırda təxminən 1 700 nəfərin qaldığı bildirilir. Şəhərdən çıxış yollarının minalanması və dron hücumları əhalinin təxliyəsini çətinləşdirir.

Ukrayna Prezidenti Volodimir Zelenski sakinlərin Rusiyaya deyil, Ukraynanın nəzarətində olan ərazilərə təxliyə edilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, atəşkəsin davamlılığı və insanların təhlükəsizliyi ilə bağlı narahatlıqlar qalmaqdadır.

Məlumata görə, humanitar əməliyyat ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə həyata keçirilir. Məqsəd şəhərdə qalan mülki şəxslərə yardım göstərmək və onların təhlükəsiz şəkildə təxliyəsinə şərait yaratmaqdır.

Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et