Bu gün:

Kim Çen In Çinə yeni açılmış körpü vasitəsilə səfər edib


Şimali Koreya lideri Kim Çen In oktyabrın 24-də Çinə səfər edib. O, iki ölkəni birləşdirən yeni Yalu çayı körpüsü vasitəsilə sərhədi keçərək Çinin Dandun şəhərinə gəlib.

Kim Çen In Pxenyanda universitetdə çıxış edir, 30 sentyabr 2026, REUTERS 

24media.az Reuters-ə istinadən xəbər verir ki, Cənubi Koreya hökumətinin rəsmisinin məlumatına görə, Kim Çen In Şimali Koreya ilə Çini birləşdirən Yeni Yalu çayı körpüsündən keçərək Dandun şəhərinə gəlib. Məsələ ilə tanış olan digər Cənubi Koreya rəsmisi isə Çinin Baş naziri Li Çianqın burada Kim Çen Inlə görüşdüyünü bildirib.

Təxminən 3 kilometr uzunluğunda olan körpü bu ay istifadəyə verilib. Layihənin iki ölkə arasında ticarəti canlandıracağı və yük daşımalarını asanlaşdıracağı gözlənilir. Ekspertlərin fikrincə, Kim Çen Inın bu körpüdən istifadə etməsi Pekinlə Pxenyan arasında iqtisadi əlaqələrin möhkəmlənməsinin göstəricisidir.

Kim Çen In sonuncu dəfə 2025-ci ilin sentyabrında Çinə səfər edərək Çin Prezidenti Si Cinpinlə görüşüb. Si Cinpin isə bu ilin iyununda Şimali Koreyada dövlət səfərində olub.

Çin Şimali Koreyanın əsas iqtisadi və diplomatik dəstəkçisi olaraq qalır. Bununla yanaşı, Pxenyan 2022-ci ildən sonra Rusiya ilə münasibətlərini də gücləndirib. Analitiklər hesab edirlər ki, Moskva ilə yaxınlaşma Şimali Koreyanın Pekindən asılılığını müəyyən qədər azaldıb.

Reuters-in məlumatına görə, Kim Çen Inın şənbə günü Şimali Koreyaya qayıtması gözlənilirdi. Onun Çinin paytaxtı Pekinə səfər edəcəyi ehtimalı isə aşağı qiymətləndirilib.

Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et