Mingəçevir Dövlət Universitetinin (MDU) altı tələbəsi 2026/2027-ci tədris ilinin payız semestrində Türkiyə, Qazaxıstan və Özbəkistanın ali təhsil müəssisələrində təhsil almağa başlayıb.
24media.az xəbər verir ki, tələbələr Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyi çərçivəsində həyata keçirilən “Orhun Mübadilə Proqramı”na qoşulublar.
Proqram çərçivəsində Gülzar Niftəliyeva Türkiyənin Fırat Universitetində, Aygün Əlizadə Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetində, Polad Süleymanlı İstanbul Ticarət Universitetində, magistrant Umar Asimov isə Anadolu Universitetində təhsilini davam etdirir.
Digər iştirakçılardan Fatimə Əlizadə Qazaxıstanın L.N. Qumilyov adına Avrasiya Milli Universitetində, Turqut Həziyev isə Özbəkistanın Kokand Universitetində təhsil alır.
Akademik mübadilə tələbələrə fərqli tədris sistemləri ilə tanış olmaq, beynəlxalq akademik mühitdə təcrübə qazanmaq və digər ölkələrdən olan tələbələrlə ünsiyyət qurmaq imkanı verir.
Universitetin məlumatına görə, 2026/2027-ci tədris ilində ümumilikdə 56 MDU tələbəsinin “Orhun Mübadilə Proqramı” çərçivəsində xarici universitetlərdə təhsil alması nəzərdə tutulub. Onlardan bir qismi payız, digərləri isə yaz semestrində proqramda iştirak edəcək.
Bildirilib ki, 2025/2026-cı tədris ilində proqramdan MDU-nun 10 tələbəsi yararlanıb. Beləliklə, cari tədris ili üçün nəzərdə tutulan iştirakçı sayı əvvəlki illə müqayisədə 5,6 dəfə artıb.
Qeyd edək ki, universitetdə beynəlxalq akademik mobilliyin genişləndirilməsi tələbələrin xarici ali təhsil müəssisələrində təcrübə qazanmasına və universitetlərarası əməkdaşlığın inkişafına yönəlib.






Həvva Cəbrayılova
