Bu gün:

VIII Avrasiya Konfransında Mingəçevirdə su təhlükəsizliyi və dayanıqlı inkişaf müzakirə olunub


Torpaq bəndlərində kaskad qəza risklərinə həsr olunan VIII Avrasiya Konfransının (RISK-2026) Mingəçevir mərhələsi oktyabrın 23-də Mingəçevir Dövlət Universitetində panel müzakirələri və elmi bölmə iclasları ilə davam edib.

24media.az xəbər verir ki, oktyabrın 22–24-də Bakı və Mingəçevir şəhərlərində keçirilən beynəlxalq konfrans Mingəçevir Dövlət Universiteti və Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə təşkilatçılığı, bir sıra beynəlxalq elmi və texniki qurumların tərəfdaşlığı ilə baş tutub. 16 ölkədən alim və tədqiqatçıların qatıldığı tədbirdə 110 elmi tədqiqat işi təqdim olunub. Konfransın əsas mövzuları su ehtiyatlarının idarə edilməsi, hidrotexniki qurğuların təhlükəsizliyi, iqlim dəyişikliklərinin yaratdığı risklər və təbii fəlakətlərin qarşısının alınması olub. 

Tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin direktoru Təhmasib Hüseynov və Coğrafiya İnstitutunun direktoru Zaur İmrani çıxış ediblər. Çıxışlarda su və enerji infrastrukturlarının təhlükəsizliyi, iqlim dəyişiklikləri fonunda risklərin qiymətləndirilməsi və beynəlxalq elmi əməkdaşlıq məsələlərinə toxunulub. Konfrans çərçivəsində “Mingəçevirdə su təhlükəsizliyinin gələcəyi” mövzusunda panel müzakirəsi keçirilib. 

Paneldə Anar Eminov, Zaur İmrani və Təhmasib Hüseynov spiker qismində iştirak ediblər. Müzakirələrdə şəhərin su təhlükəsizliyi perspektivləri, su ehtiyatlarından səmərəli istifadə, hidrotexniki qurğuların etibarlılığı və ekoloji risklərin azaldılması məsələləri nəzərdən keçirilib. İştirakçıların sualları cavablandırılıb. Elmi bölmə iclaslarında bəndlərin etibarlılığı və kaskad qəza risklərinin modelləşdirilməsi, Kür-Araz hövzəsində daşqın təhlükələrinin qiymətləndirilməsi, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, süni intellekt və maşın öyrənməsi əsasında erkən xəbərdarlıq sistemləri, eləcə də dayanıqlı infrastrukturun inkişafı ilə bağlı tədqiqatlar təqdim olunub. 

Məruzələr ətrafında aparılan müzakirələrdə elmi nəticələrin praktik tətbiqi və risklərin idarə edilməsində müasir texnologiyaların imkanları diqqətə çatdırılıb. Konfransın Mingəçevir mərhələsində universitet nümayəndələri, alimlər və sənaye təmsilçiləri su və enerji infrastrukturu ilə bağlı məsələləri müzakirə etmək, tədqiqat nəticələrini bölüşmək və mümkün əməkdaşlıq istiqamətlərini nəzərdən keçirmək imkanı əldə ediblər. 

Qeyd edək ki, tədbir çərçivəsində ekspert qiymətləndirməsindən uğurla keçən 30 seçilmiş məqalənin “Scopus” elmi məlumat bazasında indeksləşdirilməsi nəzərdə tutulur.

Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et