İsraildə ölkə tarixinin ən mühüm seçkilərindən biri hesab edilən səsvermədə seçici fəallığı rekord səviyyəyə çatıb.

24media.az BBC.news-a istinadən xəbər verir ki, sorğular göstərir ki, hazırkı baş nazir Benyamin Netanyahu ilə keçmiş hərbi rəhbər Qadi Ayzenkot baş nazir olmaq uğrunda mübarizədə demək olar ki, bərabər mövqedədirlər. Lakin onların heç birinin siyasi blokunun hökumət qurmaq üçün lazım olan 61 yeri qazanacağı gözlənilmir. Bu səbəbdən hökumətin formalaşdırılması uzun siyasi müzakirələr tələb edə bilər.
Seçkilərin əsas mövzuları təhlükəsizlik və demokratiyadır. Müxalifət Netanyahunu 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumlarının qarşısını ala bilmədiyinə görə tənqid edir. Həmin hücumlar nəticəsində təxminən 1200 nəfər öldürülüb, 251 nəfər isə girov götürülərək Qəzzaya aparılıb.
Müxalifət hücumlarla bağlı müstəqil araşdırma aparılmasını tələb edir. Netanyahu isə korrupsiya ittihamları ilə bağlı məhkəmə prosesi ilə üzləşir, lakin ittihamları rədd edir. O, özünü İsrailin təhlükəsizliyini təmin edə biləcək ən uyğun lider kimi təqdim edir.
Ayzenkotun rəhbərlik etdiyi “dəyişiklik bloku”nun əsas məqsədi Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaqdır. Bu blokda müxtəlif siyasi baxışlara sahib partiyalar birləşib. Netanyahu isə yenidən hakimiyyətə gəlmək üçün ifrat sağçı və ultraortodoks yəhudi partiyalarının dəstəyinə ehtiyac duyur.
Seçkilərdə digər mühüm məsələ ultraortodoks yəhudi kişilərin hərbi xidmətə çağırılmasıdır. Hökumətin bu məsələ ilə bağlı Ali Məhkəmənin qərarını icra etməməsi ölkədə ciddi mübahisələrə səbəb olub.
Qəzza məsələsi də seçki kampaniyasının əsas mövzularındandır. Ayzenkot 18 ay ərzində HƏMAS-ın Qəzzadakı hakimiyyətinə son qoyacağına söz verib. İsrail isə atəşkəs razılaşmasına baxmayaraq, Qəzzaya zərbələr endirməyə davam edir. Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, müharibə başlayandan bəri 74 mindən çox insan öldürülüb. BMT bu rəqəmləri etibarlı hesab edir.
Seçkilərin nəticələri açıqlansa da, hökumətin necə formalaşacağı hələ qeyri-müəyyəndir. İsrailin seçki sistemi koalisiya hökumətlərinin yaradılmasını tələb edir. Heç bir blok çoxluq əldə edə bilməsə, ölkədə yeni seçkilər keçirilə bilər. 2019–2022-ci illər arasında İsraildə siyasi razılığın əldə olunmaması səbəbindən beş dəfə seçki keçirilib.
Banuçiçək Qurbanova
