Serbiyada uzun müddətdir hakimiyyətdə olan Aleksandar Vuçiçin rəhbərlik etdiyi Serb Tərəqqi Partiyası növbədənkənar parlament seçkilərində tələbə hərəkatına məğlub olub. Nəticələr açıqlanandan sonra Belqrad, Novi Sad və digər şəhərlərdə insanlar küçələrə çıxaraq qələbəni qeyd ediblər. Tələbə hərəkatı iki ildən az əvvəl Novi Sad şəhərində dəmir yolu vağzalının qarşısındakı örtüyün çökməsi və 16 nəfərin həyatını itirməsindən sonra yaranıb. Hadisə korrupsiya və səhlənkarlıqla əlaqələndirilib. Tələbələr hökumətə qarşı etirazlar keçirərək seçkilərdə iştirak etmək qərarına gəliblər.

foto:BBC news
Vuçiç bazar günü məğlubiyyətini etiraf edib. İlkin nəticələrə əsasən, tələbə hərəkatı 2,2 milyon, onun partiyası isə 1,72 milyon səs toplayıb. Müstəqil sorğu təşkilatı CeSID-in proqnozuna görə, Tələbə Siyahısı səslərin 52,9 faizini qazanıb. Seçkilərdə iştirak səviyyəsi 69,34 faiz təşkil edib. İki prezidentlik müddətini başa vuran Vuçiç üçüncü dəfə prezidentliyə namizəd ola bilmədiyindən baş nazir postuna qayıtmağı hədəfləyirdi. O, növbədənkənar seçkiləri iki il davam edən hökumət əleyhinə etirazlardan sonra elan edib.
Tələbə hərəkatının əsas namizədi İlija Srdanoviç qələbəni ölkədə azadlığın təmin olunması istiqamətində mühüm addım adlandırıb. Hərəkatın seçki proqramına korrupsiyaya qarşı mübarizə, dövlət müəssisələrində siyasi təyinatların qarşısının alınması və ictimai yayımçının siyasi təsirdən azad edilməsi daxildir. Namizədlər arasında həkimlər, aktyorlar, akademiklər və idman xadimləri də yer alıb. Vuçiç və rəhbərlik etdiyi partiya isə korrupsiya ittihamlarını dəfələrlə rədd edib.
Seçkilərdən sonra küçələrdə qələbəni qeyd edən insanlar ölkədə dəyişikliklərin baş verəcəyinə ümid etdiklərini bildiriblər. Vuçiçin məğlubiyyəti Macarıstanın baş naziri Peter Magyar və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos tərəfindən də şərh edilib. Kos Serbiyanın Avropa İttifaqına üzvlük istiqamətində irəliləməsi üçün yeni imkanların yarana biləcəyini vurğulayıb. İndi diqqət Tələbə Siyahısının yeni baş nazirliyə namizədinin kim olacağına yönəlib. Serbiyada prezident seçkilərinin dekabrda keçirilməsi gözlənilir.
Mənbə:BBC news
Tərcümə etdi:Fatimə Hüseynova
