Dinozavrların məhvinə səbəb olan asteroid Yerə çırpıldıqdan sonra on milyonlarla il ərzində nəhəng quşlar qida zəncirinin ən üst pilləsində yer alıblar. İnsan əcdadları da bu quşların ovladığı canlılar arasında olub.

24media.az BBC-yə istinadən xəbər verir ki, 2,8 milyon il əvvəl Cənubi Afrikanın savannasında yaşayan üç yaşlı qədim insan əcdadının balası otların arasında gəzirdi. Bu növ Australopithecus africanus (Cənub meymunu) adlanırdı. Lakin balanın yuxarıdan izlənildiyindən xəbəri yox idi.
Ehtimal olunur ki, qəfil nəhəng yırtıcı quş ona hücum edib. Quşun caynaqları ilə balanı tutaraq öldürdüyü düşünülür.
«Taunq uşağı» kimi tanınan bu qədim insan əcdadının hansı quş tərəfindən ovlandığı dəqiq məlum deyil. Lakin göz yuvalarının aşağı hissəsindəki deşik izləri qartalların ov zamanı buraxdığı izlərə bənzəyir. Bu quşlar ovlarının bir hissəsini ağaclarda saxlayır, qalanını isə yuvalarına aparırdılar.
Daş dövründə yaşamaq olduqca çətin idi. Həmin dövrdə Yer üzündə nəhəng heyvanlar yaşayırdı. Qədim insanlar mamontlar, mastodonlar, nəhəng tənbəllər, qılıncdişli pişiklər və insan əcdadlarını ovlaya bilən nəhəng quşlarla eyni mühitdə yaşayırdılar.
Dinozavrların məhv olmasından Böyük Buz Dövrünə qədər on milyonlarla il ərzində nəhəng quşlar müxtəlif ərazilərdə əsas yırtıcılar arasında yer alıblar. Alimlər hesab edirlər ki, bu quşların yaratdığı təhlükə insan təkamülünə də təsir göstərmiş ola bilər. Bu quşların təsirinin qədim dövrlərdən qalan, uşaqları aparan nəhəng quşlar haqqında əfsanələrdə əks olunduğu da ehtimal edilir.
Aygül Alıyeva
