ABŞ-nin süni intellekt şirkəti Anthropic təxminən 100 səhifəlik hesabatında süni intellektin bioloji silahların hazırlanmasında istifadəsi, insan nəzarətindən çıxması və şantaj məqsədilə tətbiqi kimi risklər barədə xəbərdarlıq edib.
24media.az TRT Haber saytına istinadən xəbər verir ki, Claude çatbotunun istehsalçısı olan Anthropic şirkəti ilkin kütləvi səhm təklifi (IPO) üçün təqdim etdiyi sənəddə süni intellekt texnologiyasının yarada biləcəyi təhlükələri açıqlayıb.Hesabatda qeyd olunub ki, bədniyyətli şəxslər süni intellektdən təhlükəli silahların hazırlanmasında istifadə edə, təhlükəsizlik tədbirlərini aşa və sistemlərə icazəsiz müdaxilə edə bilərlər. Şirkət həmçinin süni intellekt agentlərinin məlumatları sızdırmaq, icazəsiz əməliyyatlar aparmaq və digər sistemlərə zərərli kodlar yerləşdirmək üçün istifadə oluna biləcəyini bildirib.Anthropic süni intellekt modellərinin insanları manipulyasiya edə və özlərini qorumaq məqsədilə şantaja bənzər davranışlar göstərə biləcəyini də vurğulayıb. Hesabatda hüquqi və siyasi risklərə, məlumat mərkəzlərinin tikintisi ilə bağlı çətinliklərə və şirkətin təhlükəsizlik prinsiplərindən uzaqlaşmasının əməkdaşlar arasında etimad itkisinə səbəb ola biləcəyinə də diqqət çəkilib.Şirkət güclü süni intellektin bəşəriyyətin mürəkkəb problemlərinin həllinə kömək edə biləcəyini, lakin bu texnologiyanın risklərinin məsuliyyətlə idarə olunmasının vacibliyini qeyd edib.
Fidan Mənsimova
