Bu gün:

Melaniya Tramp Ukraynanın işğal altındakı şəhərində atəşkəsə nail olub


ABŞ-nin birinci xanımı Melaniya Trampın təşəbbüsü ilə Rusiya və Ukrayna arasında Rusiyanın işğalı altındakı Oleşki şəhərində atəşkəs razılaşması əldə olunub.

24media.az BBC-yə istinadən xəbər verir ki, Ağ Evin açıqlamasına görə, atəşkəs oktyabrın 29-da qüvvəyə minəcək. Rusiya isə öz qüvvələrinin oktyabrın 27-də saat 04:00-da atəşi dayandıracağını bildirib.

Melaniya Trampın sözlərinə görə, o və nümayəndəsi atəşkəsin şərtlərini müəyyənləşdirmək üçün Rusiya və Ukrayna rəhbərliyi ilə birbaşa danışıqlar aparıblar. Razılaşma şəhər sakinlərinin təxliyəsini və humanitar yardımın çatdırılmasını nəzərdə tutur.

Ukrayna parlamentində prezident Volodimir Zelenskinin partiyasına rəhbərlik edən deputat Davıd Araxamiya da Oleşki və ətraf ərazilərin blokadadan çıxarılması üçün əməliyyatın yaxın vaxtlarda başlanacağını bildirib. Rusiya prezidentinin mətbuat katibi də şəhəri tərk etmək istəyən sakinlərə belə bir imkan yaradılacağını təsdiqləyib.

2022-ci ildə Rusiya tərəfindən işğal edilən Oleşkidə vəziyyətin ağır olduğu bildirilir. BBC-nin məlumatına görə, şəhər sakinləri ərzaq, içməli su və dərman çatışmazlığı ilə üzləşirlər. Bəzi sakinlər sağ qalmaq üçün bağlarda bitən yabanı otları yeməyə məcbur olublar.

Ukrayna tərəfinin qiymətləndirməsinə əsasən, Oleşki və ətraf ərazilərdə hazırda təxminən 6 min nəfər, o cümlədən 200 uşaq yaşayır. Müharibədən əvvəl şəhərin əhalisi 24 min nəfər olub.

Atəşkəsin nə qədər davam edəcəyi barədə isə hələlik dəqiq məlumat verilməyib.


Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et