İrəvan şəhərində keçirilən BMT-nin biomüxtəliflik üzrə COP17 konfransında iştirak edən ölkələr təbiətin və canlı növlərinin qorunması istiqamətində səylərin sürətləndirilməsi barədə razılığa gəliblər. İki həftə davam edən müzakirələrdən sonra qəbul edilən qərar çərçivəsində dövlətlər 2030-cu ilədək ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsini sürətləndirməyi qarşıya məqsəd qoyublar.

24media.az Reuters-ə istinadən xəbər verir ki, razılaşmaya əsasən, ölkələr təbii ekosistemlərin bərpasına, meşələrin və su hövzələrinin qorunmasına, həmçinin ətraf mühitə zərər vuran iqtisadi təşviqlərin azaldılmasına daha çox diqqət yetirəcəklər. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrə təbiətin mühafizəsi üçün maliyyə dəstəyinin artırılması da müzakirələrin əsas istiqamətlərindən biri olub.
Lakin əldə olunan razılaşmaya baxmayaraq, ekoloji layihələrin maliyyələşdirilməsi ilə bağlı problemlər hələ də qalmaqdadır. Konfrans iştirakçıları bildiriblər ki, müəyyən irəliləyişlərə nail olunsa da, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ölkələr daha konkret addımlar atmalı və qəbul edilmiş qərarları praktiki şəkildə həyata keçirməlidirlər.
Emiliya Vəlicanova
