Bu gün:

İsraildə siyasi dəyişiklik üçün tarixi fürsət yaranıb


İsraildə keçirilən seçkilərdən sonra parlamentdə qüvvələr nisbətinə təsir edə biləcək əsas Fələstin koalisiyasının lideri ölkənin siyasi istiqamətini dəyişmək üçün tarixi fürsətin yarandığını bildirib.

24media.az The Guardian-a istinadən xəbər verir ki, İsrailin əsas Fələstin koalisiyası olan “Birgə Siyahı”nın lideri Yusif Cabbarin çərşənbə axşamı keçirilən seçkilərdə rekord sayda mandat qazandıqdan sonra Benyamin Netanyahunun hakimiyyətdən uzaqlaşdırılması üçün müxalifət bloku ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Yusif Cabbarin bildirib ki, o, Netanyahunun və onun ifrat sağçı koalisiyasının hakimiyyətinə son qoymaq, həmçinin Knesset üzərində nəzarəti ələ keçirmək məqsədilə “Dəyişiklik” bloku ilə birgə fəaliyyət göstərməyə hazırdır.

Seçkilərdə ərəb əsilli İsrail vətəndaşlarının (Fələstin əsilli İsrail vətəndaşları, ölkə əhalisinin 20 faizi) fəallığı iki dəfədən çox artaraq təxminən 80 faizə çatıb. Bu, ölkənin siyasi mənzərəsində ciddi dəyişiklik yaradıb. İşğal altındakı İordan çayının qərb sahilində və Qəzza zolağında yaşayan fələstinlilər isə səsvermədə iştirak edə bilməyiblər.

Cabbarin qeyd edib ki, təxminən 840 min fələstinli İsrail vətəndaşının əsas tələbi Netanyahu hökumətinin hakimiyyətdən uzaqlaşdırılmasıdır. O, xüsusilə hökumətin ən radikal üzvləri – milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçin vəzifələrindən kənarlaşdırılmasını vurğulayıb.


Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et