Çinin dövlət televiziyası CCTV klubun ulduz hücumçusu Kilian Mbappenin ölkənin keçmiş lideri Mao Tszedun haqqında dediyi sözlərə görə üzr istəməsinə baxmayaraq, bazar günü “Real Madrid”in oyununu yayımlamayıb.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, Mbappe özünü ən çox güldürən memin üzərində üzünün Mao Tszedunun şəklinə montaj edildiyi təsvir olduğunu söylədikdən sonra ciddi etirazlarla qarşılaşıb.
CCTV-yə nəzarət edən Çin Media Qrupu Mbappenin açıqlamasından sonra yaranan narazılıqlara görə ötən bazar ertəsi İspaniya La Liqasının oyunlarının yayımlarını dayandırmaq qərarına gəldiyini açıqlayıb. Hadisədən sonra bir sıra Çin brendləri də futbolçu ilə əməkdaşlığı dayandırıb.
Çin Xarici İşlər Nazirliyi Mbappenin üzrünü ciddi qəbul etdiyini bildirib. “Real Madrid” və La Liqa da məsələ ilə bağlı üzr istəyib.
Çin Media Qrupu daha əvvəl yaranmış narazılığın aradan qaldırılması üçün hər üç tərəfin üzr istəməsini vacib şərt kimi irəli sürmüşdü.
Qurum üzrləri qəbul etdiyini bildirsə də, yayım məhdudiyyətinin nə qədər davam edəcəyi ilə bağlı açıqlama verməyib.
Fransanın “The Bridge” adlı tok-şousunda mem haqqında danışan Mbappe çərşənbə axşamı günün sonunda üzr istəyib.
Mbappe açıqlamasının düşünülməmiş olduğunu və sözlərinin Çində, eləcə də dünyanın digər yerlərində yaşayan bir çox çinlini incitdiyini anladığını bildirib.
Fəqan Nurullazadə
