Bu gün:

Fuad Əsədov: “Öz dəyərini yalnız nailiyyətlərlə ölçmək xroniki stressə səbəb ola bilər”


Son illər gənclər arasında gələcəklə bağlı narahatlıqlar, uğur qazanmaq təzyiqi və emosional tükənmə getdikcə daha aktual problemə çevrilir. Sosial müqayisə, iqtisadi çətinliklər, karyera qurmaq və maddi müstəqillik əldə etmək istəyi gənclərin psixoloji vəziyyətinə təsir göstərən əsas amillər sırasındadır.

Klinik psixoloq Fuad Əsədov 24media.az-a açıqlamasında bildirib ki, bu vəziyyətin formalaşmasında sürətlə dəyişən həyat şəraiti, gələcəklə bağlı qeyri-müəyyənlik və cəmiyyətin uğurla bağlı gözləntiləri mühüm rol oynayır.

O qeyd edib ki, sosial şəbəkələrdə insanların həyatlarının əsasən uğurlu və ideal tərəflərinin nümayiş etdirilməsi gənclərdə özlərini başqaları ilə müqayisə etmək, geridə qalmaq və kifayət qədər uğurlu olmamaq hissini gücləndirir. Bununla yanaşı, iqtisadi çətinliklər, iş tapmaq və maddi müstəqillik əldə etmək zərurəti, eləcə də müəyyən yaşa qədər uğur qazanmaqla bağlı ictimai gözləntilər psixoloji təzyiqi daha da artırır.

Psixoloqun sözlərinə görə, gənclərin təhsil, karyera, şəxsi həyat və maddi rifah sahələrində eyni vaxtda yüksək nəticələr əldə etməyə çalışması emosional tükənmə riskini artırır. İnsan öz dəyərini yalnız nailiyyətləri və məhsuldarlığı ilə ölçdükdə uğursuzluq qorxusu, özünütənqid və xroniki stresslə üzləşə bilər.

Fuad Əsədov problemin qarşısını almaq üçün şəxsi gözləntilərin və prioritetlərin yenidən nəzərdən keçirilməsini, real hədəflərin müəyyənləşdirilməsini, istirahətə və sosial münasibətlərə kifayət qədər vaxt ayrılmasını vacib hesab edir. Onun fikrincə, narahatlıq və emosional tükənmə uzun müddət davam etdikdə mütəxəssisə – psixoloqa və ya psixoterapevtə müraciət etmək lazımdır.

Psixoloq vurğulayıb ki, ailə və cəmiyyət gəncləri yalnız nailiyyətlərinə görə qiymətləndirməməli, onların səhv etmək, uğursuzluq yaşamaq və öz həyat tempinə uyğun inkişaf etmək hüququna hörmətlə yanaşmalıdır. Gənclərin psixoloji rifahı yalnız əldə etdikləri uğurlarla deyil, həm də özlərini təhlükəsiz, dəyərli və qəbul olunmuş hiss etmələri ilə ölçülür.

Fatimə Hüseynova


Paylaş
Şərh əlavə et