Bu gün:

Alimlər xəbərdarlıq edir: Balıq yağı kapsulları Altsheymer xəstəliyindən qorumur


Milyonlarla insanın yaddaşı möhkəmləndirmək və yaşla bağlı beyin zəifləməsinin qarşısını almaq məqsədilə hər il külli miqdarda vəsait xərclədiyi balıq yağı və omeqa-3 əlavələri ilə bağlı təəccüblü elmi nəticələr əldə olunub. Cənubi Kaliforniya Universitetinin (USC) mütəxəssisləri tərəfindən aparılan ikiillik klinik sınaq göstərib ki, bu preparatlar omeqa-3-ü beyinə çatdıra bilsə də, Altsheymer riskini azaltmır və yaddaşı yaxşılaşdırmır.

Balıq yağı (omega-3) kapsulları — Foto: Shutterstock)

24media.az "Sciencedaily.com"-a istinadən xəbər verir ki, "eBioMedicine" jurnalında dərc olunan tədqiqata Altsheymer xəstəliyinə tutulma riski yüksək olan və rasionunda balıq az yer alan 55-80 yaş arası 365 nəfər cəlb edilib. İki il davam edən tədqiqat çərçivəsində iştirakçıların bir qrupuna gündəlik yüksək dozada DHA (omeqa-3 növü), digər qrupuna isə plasebo verilib. Nəticələr göstərib ki, qida əlavəsi alanlarda onurğa beyin mayesində DHA səviyyəsi 17% artsa da, onların idrak qabiliyyətində və hippokampus nahiyəsinin kiçilməsinin qarşısının alınmasında heç bir irəliləyiş qeydə alınmayıb.  

Tədqiqatın rəhbəri, doktor Hüseyn Naci Yassin bildirib ki, tək bir qida əlavəsinə güvənməkdənsə, həyat tərzini kompleks şəkildə dəyişmək beyin sağlamlığı üçün daha vacibdir. Tədqiqatçılar Altsheymer riskini azaltmaq üçün müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və balıq, tərəvəz, meyvə, zeytun yağı ilə zəngin olan Aralıq dənizi üslublu balanslı qidalanmanı tövsiyə edirlər. Doktor Yassinin sözlərinə görə, sağlam həyat tərzi sürmək beyin üçün avtomobilə vaxtlı-vaxtında texniki qulluq göstərmək və yağını dəyişmək kimi vacibdir. 

Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr omeqa-3-ün faydasız olduğu anlamına gəlmir; sadəcə olaraq, bir maddənin beyin üçün zəruri olması onun yüksək dozada kapsul şəklində qəbul edildikdə əlavə müdafiə təmin edəcəyi demək deyildir.


Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et