Bu gün:

Pişiyinizin beyin kimyası birbaşa sizinki ilə bağlıdır


Pişiklərin əhval-ruhiyyəsi ilə onların sahiblərinin əhval-ruhiyyəsi bir-biri ilə sıx bağlı ola bilər. Aparılan yeni bir elmi araşdırma ev heyvanlarımızla bizim aramızda qəribə bir kimyəvi bağın olduğunu göstərir.Pişik - Foto: getty images.

24media.az "iScience" jurnalında dərc olunan yeni elmi araşdırmaya əsasən xəbər verir ki, çoxları düşünür ki, pişikləri sahibləri ümumiyyətlə maraqlandırmır. Yəni, əsas odur ki, qidalarını alsınlar, qalan hər şey onlar üçün ikincidərəcəlidir. Lakin məlum olur ki, bütün bunlar yanlışdır. Yeni araşdırma göstərir ki, pişik sahibləri və onların ev heyvanlarının əhval-ruhiyyəsi, stress səviyyəsi və müxtəlif hormonal göstəriciləri arasında yaxın kimyəvi əlaqə mövcuddur. Pişiklər nə qədər soyuqqanlı görünməyə çalışsalar da, sahiblərinin əhvalına və xoşbəxtliyinə qarşı həddindən artıq həssasdırlar. Eynilə, sahiblərin də emosional və hormonal vəziyyətinə pişiklərinin vəziyyəti təsir göstərir.  

19 pişik sahibi və 29 pişik üzərində bir ay müddətində aparılan araşdırma zamanı heyvanların və sahiblərinin sidiyində oksitosin və kortizol səviyyələri izlənilib. Əsas nəticə odur ki, pişiklərin və onların sahiblərinin orqanizmindəki oksitosin miqdarı paralel şəkildə dəyişir. Oksitosin tez-tez "sevgi hormonu" adlandırılır, çünki onun mövcudluğu rifah, xoşbəxtlik və sosial bağlılıq deməkdir. Kortizol isə əksinə, stress göstəricisidir.  

Araşdırmanın ən diqqətçəkən nəticəsi odur ki, pişiklər və sahibləri fiziki olaraq nə qədər yaxın olublarsa, bu oksitosin bağı bir o qədər güclü olub. Pişiklərdə oksitosin yüksək və kortizol aşağı olduqda, sahibləri özlərini daha xoşbəxt və rahat hiss ediblər. Pişiklərdə oksitosin az, kortizol çox olduqda isə sahiblər daha çox stress və ya tənha/qüssəli əhval-ruhiyyə yaşayıblar.  

Hələ ki cavabı tapılmayan əsas suallardan biri kimin kimə təsir etməsidir: pişiyin xoşbəxtliyi bizi xoşbəxt edir, yoxsa əksinə, pişik bizim stress keçirdiyimizi hiss edir? Gələcək araşdırmalarda bu suallara da aydınlıq gətiriləcək. Ancaq əsas dərs budur: pişiklər göründükləri qədər anti-sosial deyillər. Onların sahiblərinin müxtəlif psixoloji vəziyyətlərinə nə qədər uyğunlaşa bildiklərini göstərən sübutlar hər keçən gün daha da artır.


Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et