Bu gün:

Sehrli söz və səs məkanı


Mütaliə zamanı diktorların “qoruyucu mələyi” adlandırılan Ramiz Mustafayev haqqında deyilmiş bir fikir məndə dərin təəssürat yaratdı: “O, xeyirxahlığı borc kimi yox, həyat tərzi kimi qəbul edirdi”,-deyib diktor Əli Məmmədov öz xatirələrində. O qeyd edirdi ki, Ramiz Mustafayev işə hamıdan tez gələr, hamıdan gec çıxardı. Təcrübəçilərə təmkinlə yanaşan bu nəcib və təvazökar insan qarşısındakına iradını təklikdə bildirər və səhvini sakit səslə izah edərdi. Vəzifəni üstünlük yox, məsuliyyət sayan Ramiz Mustafayev üçün insanı sındırmaq yox, onu yetişdirmək əsas idi.
Diktorlar Qahirə Rəcəblinin və Şəmsiyyə Qarayevanın xatirələrini oxuyarkən isə 1990-cı il 20 Yanvar hadisələrini göz önünə gətirməmək mümkün deyil. Lakin böyük xoşbəxtlik və qürur hissi ilə qeyd etmək lazımdır ki, həmin diktorların taleyinə Azərbaycanın şanlı qələbəsini radio efirindən dinləyicilərə çatdırmaq da yazılmışdı. Kitabda diqqətimi çəkən maraqlı məqamlardan biri də Soltan Nəcəfovun xatirələrində yer alır. O, 1937-ci ildə “Koroğlu” operasının ilk tamaşasını Azərbaycan Radiosu ilə translyasiya edərkən operanın üçüncü pərdəsində həddindən artıq uzun fasilə yaranıb. Tamaşanın gedişində Koroğlunun at belində səhnəyə çıxması nəzərdə tutulurmuş. Bülbül atı ram etməyə çalışsa da, at səs-küydən hürkür və tamaşanın davam etməsi çətinləşir. Lakin sonda bütün səylər uğurla nəticələnir və Koroğlunun at belində səhnəyə çıxması gurultulu alqışlarla qarşılanır.
Əməkdar artist adına layiq görülən ilk diktor Aydın Qaradağlının fikri bu gün də öz aktuallığını qoruyur: “Nə diktorun, nə radio, nə də televiziya jurnalistinin danışığında haralı olduğu, hansı regionda doğulduğu bilinməməlidir”. İlk təhsilini Gəmiçilik məktəbində alan Aydın Qaradağlı haqqında kitabda belə bir fikir yer alır: “Səsi dağlardan uca, ana nəfəsitək hərarətli olan və uşaqlıqdan marağını cəlb edən bu sehirli qutunun mənbəyinə gedib çıxan 17 yaşlı gəncin səsi artıq dəniz dalğaları üzərində yox, radio dalğalarında pərvaz edəcəkdi”. Radioda işə başladıqdan sonra o, M.F. Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq ixtisasını və Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. Bu gün onun səsində ifa olunan çoxsaylı ədəbi əsərlər Azərbaycan Radiosunun Qızıl Fondunda qorunur.
1999-cu ildə Azərbaycanın on tanınmış idmançısı siyahısına daxil edilən, 1979-cu ildə Əməkdar artist fəxri adına layiq görülən Züleyxa Hacıyevanın radio sahəsinə gəlişi də gözlənilmədən baş tutub. 1940-cı illərdə gimnastika üzrə yeddi dəfə Azərbaycan çempionu olan bu gənc idmançı gələcəyini idmanda görürdü. Lakin bir gün baş verən təsadüfi hadisə onun sağlamlığına və dolayısı ilə idman həyatına mənfi təsir göstərdi. Kədər içində taleyini sorğulayan gənc bir gün radio verilişinə dəvət aldı. Bu dəvət sanki həyatının yeni mərhələsinə açılan qapı oldu. Diksiyası və idmanla bağlı bilikləri yüksək qiymətləndirilən Züleyxa Hacıyevaya radioda diktor işləmək təklif edildi. Beləcə, o, ömrünün 50 ilini bu
sənətə həsr etdi.
“Səsin əbədi məkanı” Azərbaycan radiosunun tarixində iz qoymuş insanların xatirələrini yaşadan,
onların əməyini və sənətə bağlılığını gələcək nəsillərə çatdıran dəyərli kitabdır. Bu xatirələrdən biz radionun yalnız informasiya vasitəsi deyil, həm də xalqın yaddaşını, sevincini və ağrısını yaşadan bir məkan olduğunu görürük. Kitabı oxuduqca bu səslərin efirdən çəkilsə də, yaddaşlardan silinmədiyini anlayırıq. “Səsin əbədi məkanı” adı da məhz bu həqiqəti ifadə edir: radio fədailərinin səsləri və xatirələri Azərbaycan mədəniyyətində yaşamağa davam edəcək.

Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi, Magistratura 1-ci kurs tələbəsi Jalə İsmayılova

Paylaş
Şərh əlavə et