Romantik münasibətlərdə tərəflər bir-birinə güvənməli və səmimi olmalıdırlar. Lakin partnyorun dürüstlüyü ilə bağlı şübhələr bəzən narahatlıq və gərginlik yarada bilər.
Məsələn, uzun müddətdir münasibətdə olan Kim və Kris cütlüyündə son vaxtlar etimad problemi yaranıb. Kris münasibətlərini daha ciddi mərhələyə daşıyacağına söz versə də, hələlik bu istiqamətdə heç bir addım atmayıb. Maraqlıdır ki, Kris həm gündəlik həyatında, həm də münasibətlərində dürüst və səmimi biri kimi görünür. Buna baxmayaraq, verdiyi vədi yerinə yetirməməsi Kimdə şübhələr yaradıb.

Foto: Shutterstock.com
24media.az “European Journal of Psychological Assessment” jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir ki, dürüstlük romantik münasibətlərin əsas prinsiplərindən biri olsa da, yalan danışmaq və müəyyən məlumatları gizlətmək cütlüklər arasında geniş yayılmış davranışlardandır. Kopenhagen Universitetinin tədqiqatçısı Rachele Mazzini və həmkarları bildirirlər ki, dürüstsüzlük yalnız açıq şəkildə yalan danışmaqla deyil, həm də bəzi məlumatları gizlətmək və hissləri olduğu kimi ifadə etməməklə özünü göstərə bilər. Bu davranışların arxasında duran motivlər də onların münasibətlərə təsirini anlamaq baxımından əhəmiyyətlidir.
Münasibətlərdə dürüstsüzlüyün ölçülməsi üçün şkala
Əvvəlki tədqiqatlar münasibətlərdə yalanın müxtəlif formalarını, səbəblərini və nəticələrini araşdırsa da, bu davranışları ümumi şəkildə ölçən xüsusi vasitə mövcud deyildi. Kopenhagen Universitetinin tədqiqat qrupu bu boşluğu aradan qaldırmaq üçün İntim Münasibətlərdə Dürüstsüzlük Şkalasını (Dishonesty in Intimate Relationships Scale – DIRS) hazırlayıb.
2026-cı ildə dərc olunan araşdırma üç tədqiqatı və ümumilikdə 3 300-dən çox iştirakçını əhatə edib. İlk tədqiqatda 1 448, ikinci tədqiqatda 1 000 nəfərin məlumatları təhlil olunub. Üçüncü tədqiqatda isə şkalanın etibarlılığı iki ayrı ölçmə mərhələsində yoxlanılıb. Birinci mərhələdə 965, bir həftə sonra keçirilən ikinci mərhələdə isə 898 iştirakçı yer alıb.
Şkala 10 bənddən ibarətdir. Hər bir bənd 1-dən (qətiyyən razı deyiləm) 5-ə qədər (tamamilə razıyam) qiymətləndirilir. Suallar iki əsas istiqamət üzrə qruplaşdırılır: aldatma (Deception) və xəyanət (Infidelity).
Aldatma amilinə aid meyarlar (1–6-cı bəndlər):
- Partnyorla ünsiyyət zamanı əslində nəsə baş verdiyi halda heç nə olmamış kimi davranmaq.
- Partnyoru daha yaxşı hiss etdirmək üçün əhəmiyyətsiz məsələlərdə kiçik yalanlar danışmaq.
- Partnyoru qorumaq və ya hisslərini incitməmək məqsədilə ona yalan danışmaq.
- Partnyorla hisslər və yaşanan vəziyyət barədə açıq olmaq.
- Partnyora nəsə danışarkən heç bir detalı gizlətməmək.
- Partnyordan heç bir sirr saxlamamaq.
Xəyanət amilinə aid meyarlar (7–10-cu bəndlər):
- Bəzən partnyora xəyanət etməyi düşünmək.
- Partnyordan başqa biri ilə yaxınlıq etməyi xəyal etmək.
- Partnyora xəyanət etməyi heç vaxt xəyal etməmək.
- Partnyordan başqa birinə emosional bağlana biləcəyini düşünməmək.
Qeyd edək ki, 4, 5, 6, 9 və 10-cu bəndlər tərs qiymətləndirilir. Yəni bu ifadələrlə razılaşmaq dürüstsüzlük göstəricisinin artması kimi hesablanmır.
Nəticələr nə göstərir?
Araşdırmanın nəticələrinə görə, iştirakçılar ümumilikdə dürüstlük meyli nümayiş etdiriblər. Xəyanət etməyi düşünməklə bağlı bənd iştirakçılar tərəfindən ən az təsdiqlənən ifadə olub. Ən yüksək göstəricilər isə partnyoru daha yaxşı hiss etdirmək və onun hisslərini incitməmək məqsədilə deyilən kiçik yalanlarla bağlı qeydə alınıb.
Tədqiqatçılar müəyyən ediblər ki, DIRS şkalası üzrə yüksək ballar münasibətlərdə etimadın və yaxınlığın azalması, tərəddüdün artması və səmimiyyətin zəifləməsi kimi göstəricilərlə əlaqəlidir. Araşdırma, həmçinin münasibətlərdəki dürüstsüzlük meylinin insanın ümumi şəxsiyyət xüsusiyyətlərindən tamamilə ayrı olmadığını göstərir.
Fatimə Salmanlı
