Alimlərin araşdırmasına görə, uzun müddət tənhalıq yaşayan 65 yaşdan yuxarı insanlarda demensiya (yaddaş və düşünmə qabiliyyətinin zəifləməsi) riski 38 faiz daha yüksəkdir.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, Fransanın Bordo Universitetinin tədqiqatçıları 1988–2018-ci illər ərzində 65 yaşdan yuxarı 3 777 nəfərin sağlamlıq vəziyyətini araşdırıblar.
İştirakçılar tənhalıq hiss etməyənlər, arabir tənhalıq yaşayanlar və xroniki tənhalıqdan əziyyət çəkənlər olmaqla üç qrupa bölünüblər.
Nəticələrə əsasən, xroniki tənhalıq yaşayanların 49 faizində demensiya inkişaf edib. Arabir tənhalıq hiss edənlərdə bu göstərici 34 faiz, heç vaxt tənhalıq hiss etməyənlərdə isə 33 faiz olub.
Statistik təhlillər xroniki tənhalığın tənhalıq hiss etməyənlərlə müqayisədə demensiya riskini 38 faiz artırdığını göstərib. Arabir yaşanan tənhalığın isə bu riskə nəzərəçarpacaq təsiri müəyyən edilməyib.
Bordo İctimai Sağlamlıq Mərkəzinin baş elmi işçisi Karine Peres bildirib ki, insanların əksəriyyəti həyatının müəyyən dövründə tənhalıq yaşayır. Lakin demensiya riskini artıra bilən əsas amil bu hissin uzunmüddətli və davamlı xarakter almasıdır.
Onun sözlərinə görə, xroniki tənhalıq uzunmüddətli stressə səbəb ola, immun sisteminə mənfi təsir göstərə və orqanizmdə iltihabi prosesləri gücləndirə bilər.
Tədqiqatçı həmçinin tənhalığın fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma ilə əlaqəli olduğunu qeyd edib. Bu amillər isə demensiya riskini artıra bilən ürək-damar xəstəlikləri və diabetlə əlaqələndirilir.
Araşdırmanın aparıcı müəllifi Yvanna Simon isə səhiyyə işçilərinin və sosial xidmət mütəxəssislərinin insanların yalnız kiminləsə yaşayıb-yaşamamasına deyil, həm də sosial əlaqələrinə və tənhalıq hissini necə yaşadıqlarına diqqət yetirməli olduqlarını vurğulayıb.
Araşdırmanın nəticələri “Aging & Mental Health” elmi jurnalında dərc olunub.
Piranə Seyran
