Bu gün:

Zelenski Putini “qatil” adlandırıb


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Vladimir Putini “dost” adlandırmasına münasibət bildirərək Rusiya liderini qatil hesab etdiyini deyib.

24media.az BBC-yə istinadən xəbər verir ki, Zelenski CNN-ə müsahibəsində Trampın Putini necə adlandırmasının öz qərarı olduğunu, lakin Ukrayna üçün Rusiya liderinin düşmən və qatil olduğunu vurğulayıb. O, Putinə qarşı təzyiqlərin kifayət qədər olmadığını bildirib.

Tramp bu həftə Çində Si Cinpin və Putinlə keçirilən görüşdən əvvəl Rusiya liderini “dostu” adlandırıb və onunla uzun illər yaxşı münasibətlərinin olduğunu söyləyib. Ağ Evdəki açıqlamasında isə həm Zelenskinin, həm də Putinin müharibəni bitirmək istədiyini bildirib.

Bu arada, Rusiyanın Ukraynaya hücumları davam edir. Zelenskinin doğulduğu Krivoy Roq şəhərinə raket və dron hücumları nəticəsində iki nəfər, o cümlədən bir uşaq ölüb, 52 nəfər yaralanıb. Xarkov vilayətində 11, Rivne şəhərində isə bir nəfərin yaralandığı bildirilib.

Cümə günü Kiyevdə körpülərə, Ukraynanın qərbində isə dəmir yolu stansiyalarına edilən hücumlar nəticəsində azı 9 nəfər ölüb. Zelenski hücumu ilin ən böyük hücumu adlandırıb. Rusiya 110 raket, o cümlədən 27 ballistik raket və 400-dən çox dronla hücum edib.

Polşa hakimiyyəti də ölkənin hava məkanının pozulduğunu açıqlayıb. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Rusiyaya məxsus qanadlı raketin Ukrayna sərhədindən təxminən 50 kilometr məsafədə yerləşən Novi Lipovets ərazisinə düşdüyünü bildirib. Daha bir raket və dronun da ölkə ərazisinə düşdüyü ehtimal olunur. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Polşa xarici işlər naziri Radoslav Sikorski raketlərin istiqamətləndirmə sistemlərinə malik olduğunu və Ukraynanın elektron müharibəsi nəticəsində kursdan yayınma ehtimalının az olduğunu bildirib. NATO-nun baş katibi Mark Rutte hava məkanının pozulmasını pisləyib, alyansın təyyarələrinin hadisəyə cavab olaraq havaya qaldırıldığını açıqlayıb. Rusiya hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. 

Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et