Bu gün:

Dopamin nədir və nə edir?


Dopamin nədir?

Beyindəki sinir hüceyrələri ilə bədənin qalan hissəsi arasında əlaqə yaratmağa imkan verir. Həm hormon, həm də kimyəvi xəbərçi kimi fəaliyyət göstərən dopamin, beyniniz mükafat gözlədiyi zaman ifraz olunur. Məsələn, müəyyən bir fəaliyyətdən həzz aldığınız zaman, ağlınızda o fəaliyyət haqqında düşünmək dopamini buraxa bilər. Hər hansı bir tapşırığı yerinə yetirərkən əldə etdiyiniz müvəffəqiyyət hissi bədəndəki dopamin miqdarını artıra bilər. Deyək ki, şokoladlı peçenyeləri çox sevirsiniz, peçenyenin iyini duyduğunuzda və ya sobadan çıxdığını görəndə beyində dopamin səviyyəsi arta bilər. Tamamilə mükafatlandırma və gücləndirmə dövrünə əsaslanan dopamin sistemi insanın yaşaması üçün ehtiyac duyduğu yemək, içmək, yarışmaq və çoxalmaq kimi bədən funksiyalarını yerinə yetirməkdə mühüm rol oynayır. O, həm də xoşbəxtlik hissi verir. Dopamin həmçinin şəkər və lazımsız qidalar kimi asılılıqlardan məsuldur. 


Dopamin nə edir?

Xoşbəxtlik hissini təmin etməklə yanaşı, həm hormon, həm də nörotransmitter kimi dopamin bir çox bədən funksiyalarının vacib komponentidir.

Hormon kimi qana salınan dopamin orqanizmin döyüş-uçuş reaksiyasında rol oynayır. Təhlükəli bir vəziyyətdə və ya stress altında, bədən qaçmaq, təhlükə, streslə mübarizə aparmaq üçün reaksiya verir. Məsələn, imtahanın son günündə adam daha diqqətli olur və qavrayış qabiliyyəti yüksək olur. Eynilə, it hücumu zamanı insanın ürək döyüntüsü, həmçinin tənəffüs sürəti artır, ağrı və iztirab hissi azalır, insan daha sürətli qaça bilir. Bu vəziyyətdə, dopamin, həmçinin adrenalin və stress hormonu kortizol işə düşə bilər. 


Mənbə: Anadolu saglik

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et