ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını “rüsvayçılıq” adlandırıb və Volodimir Zelenski ilə danışıqlar aparmağın Rusiya Prezidenti Vladimir Putinlə müqayisədə daha çətin olduğunu bildirib.
24media.az The Guardian-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələrini tənqid edib. O, Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı atəşkəs təşəbbüsünün nəticəsiz qalmasından sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə yönəlik tənqidlərini yeniləyib.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın ABŞ prezidenti Donald Trampın ötən həftə qəfil elan etdiyi atəşkəs təşəbbüsündən imtina etdiyini bildirib. Bundan sonra Ukrayna Rusiyanın neft emalı zavodlarına hücumları bərpa edib.
Tramp cümə axşamı yayımlanan müsahibəsində “Nyusmaks” telekanalına açıqlamasında Ukraynanın hücumlarının dünya bazarında neftin qiymətini artırdığını deyib.
“Onun etdiyi yeganə şey dünya bazarında neftin qiymətini artırmaqdır. Məncə, bu, rüsvayçılıqdır”, – deyə ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, Ukraynanın hücum edə biləcəyi çoxsaylı hədəflər var. Bununla belə, dizel yanacağının istehsal olunduğu neft emalı zavodlarına zərbələr endirilməsi həm ABŞ-yə, həm də dünya bazarına mənfi təsir göstərir.
“Vurula biləcək çoxlu hədəf var. Lakin dizel yanacağının istehsal olunduğu neft emalı zavodlarına hücum edəndə, bizim də, dünyanın da ehtiyac duyduğu yanacağın istehsalına zərər vurulur. Bu isə dünya üçün yaxşı nəticə vermir”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti, həmçinin Volodimir Zelenski ilə anlaşmağın Vladimir Putinlə anlaşmaqdan daha çətin olduğunu bildirib.
Fərid Tapdıqov
