Bu gün:

Donald Tramp ABŞ-nin Rusiyadan dizel alacağını açıqlayıb


ABŞ Prezidenti Donald Tramp Rusiyadan dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu addımı Rusiya lideri Vladimir Putinə “hədiyyə” adlandıraraq, razılaşmanın müharibənin uzanmasına xidmət edə biləcəyini bildirib.

Zelenski: Rusiya bu razılaşmanın əvəzini yeni terror aktları ilə ödəyəcək, BBC

Trampın sözlərinə görə, Rusiya höküməti ABŞ və dünya bazarlarına dərhal 300 min ton, noyabrda isə əlavə 500 min ton dizel yanacağı tədarük edəcək. Sonrakı mərhələlərdə daha böyük həcmdə yanacağın bazara çıxarılması nəzərdə tutulur. Məlumata görə, ABŞ Rusiyadan dizel ixracına tətbiq edilən sanksiyaları aprelin 7-dək müvəqqəti dayandıracaq. Digər məhdudiyyətlər, o cümlədən ABŞ banklarında dondurulmuş Rusiya aktivlərinə dair tədbirlər qüvvədə qalacaq.

Zelenski Rusiyanın enerji gəlirlərinin müharibənin maliyyələşdirilməsinə töhfə verə biləcəyini vurğulayıb. O, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını Moskvanın Ukraynanın enerji infrastrukturuna zərbələrinə cavab kimi qiymətləndirib.

Ekspertlər razılaşmanın ABŞ-də yanacağın qiymətlərini əhəmiyyətli dərəcədə azaldacağına şübhə ilə yanaşırlar. Quilter Cheviot şirkətinin investisiya strategiyası üzrə mütəxəssisi Tim Armitage bildirib ki, ilkin tədarük həcmi ABŞ-nin gündəlik dizel istehlakı ilə müqayisədə kiçikdir.

ABŞ-də dizelin orta qiyməti bir qallon üçün 6,28 dollardır. Brent markalı neftin qiyməti isə bir barel üçün 103 dolları ötüb.

Razılaşma ABŞ-nin Avropadakı müttəfiqləri və Ukraynaya dəstək verən siyasətçilər arasında narazılıq yarada bilər. Böyük Britaniya hökuməti Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdiriləcəyini, Rusiyaya qarşı sanksiyaların qüvvədə saxlanılacağını bildirib.

Trampın bu addımı ABŞ-də yanacaq qiymətlərini azaltmaq və noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində seçicilərin narazılığını yumşaltmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir. Bununla belə, razılaşmanın enerji qiymətlərinə real təsiri və Rusiyanın əvəzində hansı güzəştlər əldə edəcəyi hələlik məlum deyil.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et