Bu gün:

Həddindən artıq məşq beyində dofamin səviyyəsinə necə təsir göstərə bilər?


Kifayət qədər bərpa olunmadan aparılan uzunmüddətli və gərgin fiziki yüklənmələr təkcə əzələlərə deyil, beyin kimyasına da təsir göstərə bilər. Məşq zamanı orqanizm fiziki çətinliyə uyğunlaşmağa çalışır, lakin istirahət vaxtı az olduqda bədənin və sinir sisteminin normal sakitləşmə rejiminə qayıtması çətinləşə bilər. Bəzi idmançılarda həddindən artıq yüklənmə nəticəsində yuxu çətinlikləri, narahatlıq və davamlı yorğunluq kimi halların yaranması da məhz bu cür bioloji dəyişikliklərlə əlaqələndirilir.

Foto: AI / ScienceDaily.com

24media.az "Neuroscience" jurnalında dərc olunmuş və "ScienceDaily" vasitəsilə yayılan məlumata əsasən xəbər verir ki, San-Paulu Universitetinin Fiziki Tərbiyə və İdman Məktəbinin (EEFERP-USP) tədqiqatçıları siçanlar üzərində apardıqları araşdırmada gərgin məşqin beynin yaddaş və emosiyaların tənzimlənməsi ilə bağlı hissəsində — hipokampusda dofamin səviyyəsinə təsirini incələyiblər. Araşdırmanın ilk müəllifi Alisson Luiz da Roça və koordinatoru professor Adelino Sançes Ramos da Silva qeyd edirlər ki, nəticələr həddindən artıq məşqin mərkəzi sinir sisteminə təsirini göstərir. Bununla belə, alimlər vurğulayırlar ki, tədqiqat heyvan modelləri üzərində aparılıb, yuxu, narahatlıq və ya sayıqlıq birbaşa ölçülməyib və eyni proseslərin insanlarda da baş verib-vermədiyini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.  

Tədqiqatçılar həddindən artıq yüklənmənin beyindəki təsirlərini öyrənmək üçün siçanları müxtəlif məşq rejimlərinə cəlb ediblər. Bir qrup tükənənə qədər tək bir gərgin qaçış zolağı məşqi edib, digər qrup isə səkkiz həftə ərzində yükü tədricən artırılan proqram üzrə çalışıb və son həftədə gündə iki məşq edərək arada cəmi dörd saat bərpa vaxtı alıb. Məşqlərdən sonra heyvanların hipokampusunda dofamin və serotonin səviyyələri, həmçinin dofamin yaranmasında iştirak edən tirozin hidroksilaza (TyrH) fermenti və neyromediatorların daşınması ilə bağlı VMAT2 zülalı qiymətləndirilib.  

Tək bir gərgin məşqdən qısa müddət sonra dofamin artımı qeydə alınsa da, səkkiz həftəlik gərgin rejimdən keçən qrupda həm dofamin, həm də TyrH göstəriciləri bərpa dövrünün 48-ci saatında da yüksək qalıb. Dofamin adətən motivasiya, oyaqlıq və əhval-ruhiyyə ilə əlaqələndirilir; alimlər onun istirahət və yuxu vaxtı yaxınlaşdıqda normadan artıq yüksək qalmasının sinir sisteminin fəaliyyət və istirahət tarazlığına təsir göstərə biləcəyini bildirirlər.  

Maraqlıdır ki, dofamin dəyişikliklərinə baxmayaraq, siçanların serotonin səviyyəsində əhəmiyyətli fərq müşahidə olunmayıb. Bu nəticə həddindən artıq yorğunluğun yalnız serotonin mexanizmi ilə izah olunması ilə bağlı əvvəlki yanaşmaları yenidən nəzərdən keçirməyə əsas verir.  

Tədqiqatçılar həm həvəskar, həm də peşəkar idmançılar üçün məşq yükü ilə bərpa vaxtı arasında tarazlığın qorunmasının vacibliyini xüsusi vurğulayırlar. Kifayət qədər istirahət edilmədikdə məşq intensivliyinin artırılması nəticələrin zəifləməsinə, əzələ ağrısına, zədə riskinin artmasına və immun funksiyası ilə bağlı çətinliklərə səbəb ola bilər. Alimlər hazırda məşqin faydalı həddi keçərək orqanizmdə gərginlik yaratmağa başladığı ilk bioloji siqnalları müəyyənləşdirmək məqsədi daşıyan yeni beynəlxalq layihədə iştirak edirlər.


Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et