NATO-nun baş katibi Mark Rütte Rusiyanın nüvə başlığı daşıyan peyk buraxmağa hazırlaşması ilə bağlı xəbərlərdən sonra alyansın kosmosdan gələn istənilən təhdidə qarşı müdafiəyə hazır olduğunu bildirib.

NATO-nun baş katibi Mark Rütte və Almaniya kansleri Fridrix Merts Rusiyanın kosmos planlarını müzakirə edirlər,BBC
24media.az BBC-yə istinadən xəbər verir ki, Almaniya mediasının məlumatına görə, NATO ölkələri Rusiyanın yaxın 60 gün ərzində nüvə silahı ilə təchiz edilmiş peyk buraxa biləcəyi barədə kəşfiyyat məlumatları əldə edib. İddia olunan peykin “Sputnik-S” adlandırıldığı və digər peykləri sıradan çıxarmaq üçün istifadə edilə biləcəyi bildirilir.
Almaniya kansleri Fridrix Merts məlumatları ciddi narahatlıq doğuran hal kimi qiymətləndirib. NATO-nun baş katibi Mark Rütte isə Alyansın üzv ölkələrin təhlükəsizliyini, o cümlədən kosmosda müdafiəsini təmin edəcəyini vurğulayıb.
Rusiya tərəfi iddiaları rədd edib. Kremlin sözçüsü Dmitri Peskov məlumatlarla tanış olmadığını bildirərək anonim mənbələrə əsaslanan xəbərləri ciddi qəbul etmədiyini deyib. Rusiyanın Berlindəki səfirliyi isə məlumatları əsassız adlandırıb.
Qeyd edək ki, 1967-ci il Kosmik Fəaliyyət haqqında Müqavilə nüvə silahları da daxil olmaqla, kütləvi qırğın silahlarının Yer orbitində yerləşdirilməsini qadağan edir. Ekspertlər xəbərdarlıq edirlər ki, kosmosda nüvə silahının partladılması minlərlə peykin fəaliyyətini poza və qlobal rabitə, naviqasiya sistemlərinə ciddi zərər vura bilər.
Zəhra Məlikova
