Qəzzada meningitə yoluxma hallarının kəskin artması ilə əlaqədar Səhiyyə Nazirliyi epidemiya təhlükəsi barədə xəbərdarlıq edib. Oktyabr ayında 272 yoluxma halı qeydə alınıb ki, bu da aylıq norma ilə müqayisədə səkkiz dəfədən çoxdur.

24media.az The Guardian-a istinadən xəbər verir ki, Nazirliyin yüksək vəzifəli rəsmisi doktor Nidal Quneym xəstəliyin yayılmasının uşaqlar da daxil olmaqla, yüz minlərlə insanın həyatı üçün təhlükə yaratdığını bildirib.
Səhiyyə təşkilatlarının məlumatına görə, yoluxma hallarının artmasına infrastrukturun dağıdılması, əhalinin müvəqqəti sığınacaqlarda sıx məskunlaşması və içməli suyun kanalizasiya suları ilə çirklənməsi səbəb olub. Qış mövsümündə baş verən daşqınlar və humanitar yardımların çatdırılmasına qoyulan məhdudiyyətlər isə vəziyyəti daha da ağırlaşdırıb.
Qəzzanın içməli su təchizatının böyük hissəsi əvvəllər duzsuzlaşdırma qurğuları və İsrailin nəzarətində olan üç su kəməri vasitəsilə təmin edilib. Müharibənin başlanğıcında həmin su mənbələrinin fəaliyyəti dayandırılıb, sonradan isə yalnız qismən bərpa olunub.
Fərid Tapdıqov
