Yeni təsadüfi nəzarətli sınağın nəticələrinə görə, əməliyyatdan əvvəl ailə üzvləri ilə qucaqlaşan pasiyentlərdə əməliyyatöncəsi narahatlıq və əməliyyatdan sonrakı ilkin ağrı səviyyəsi daha aşağı olub. Lakin 6 saat sonra ağrı səviyyəsindəki fərq aradan qalxıb.
24media.az psixologiya üzrə fəlsəfə doktoru Sebastian Oklenburqun (Sebastian Ocklenburg) “Psychology Today” nəşrində dərc olunmuş yazısına istinadən xəbər verir ki, “Journal of Integrative and Complementary Medicine” jurnalında yayımlanan tədqiqatda (Aydın və həmkarları, 2026) bu əlaqə cərrahi əməliyyat kontekstində araşdırılıb.
Sınağa cərrahi əməliyyat keçirilməsi planlaşdırılan 150 pasiyent cəlb edilib. İştirakçılar təsadüfi seçim əsasında iki qrupa bölünüblər. Birinci qrupdakı pasiyentlərə əməliyyatdan təxminən 30 dəqiqə əvvəl ailə üzvlərini ən azı 20 saniyə qucaqlamaq tapşırılıb. Nəzarət qrupundakı pasiyentlər isə heç kimi qucaqlamayıblar.
Təxminən 30 dəqiqə sonra əməliyyat otağında standart sorğu vərəqələri vasitəsilə pasiyentlərin narahatlıq səviyyəsi ölçülüb. Hər iki qrupa anesteziya tətbiq edildikdən və əməliyyat başa çatdıqdan sonra pasiyentlər ayılıblar. Daha sonra əməliyyatdan 30 dəqiqə və 6 saat sonra standart ağrı sorğuları vasitəsilə onların ağrı səviyyəsi qiymətləndirilib.
Nəticələr göstərib ki, əməliyyatdan əvvəl qucaqlaşan qrupdakı pasiyentlər nəzarət qrupundakılarla müqayisədə daha aşağı əməliyyatöncəsi narahatlıq səviyyəsi bildiriblər. Əlavə təhlillər qucaqlaşan qrupda əməliyyatdan sonrakı ilkin mərhələdə ağrı göstəricilərinin də daha aşağı olduğunu üzə çıxarıb. Lakin əməliyyatdan 6 saat sonra qruplar arasında ağrı səviyyəsinə görə fərq qeydə alınmayıb.
Tədqiqatçılar təsadüfi nəzarətli sınaq metodunun elmi baxımdan etibarlı yanaşma olduğunu qeyd etsələr də, bu təsirin bioloji və psixoloji mexanizmlərini tam izah etmək üçün əlavə eksperimentlərə ehtiyac olduğunu bildiriblər. Ehtimal olunan fərziyyələrdən birinə görə, qucaqlaşma zamanı ifraz olunan oksitosin hormonu ağrı sisteminə, eləcə də beynin qorxu və narahatlıq hisslərində iştirak edən amiqdala nahiyəsinin fəaliyyətinə təsir göstərə bilər.
Fatimə Salmanlı
