Süni intellektdən proqramlaşdırma zamanı istifadə edərkən düzgün alət seçmək vacibdir. Araşdırmalara görə, proqramlaşdırma üçün ən effektiv üç süni intellekt aləti bunlardır:
1. Qodo AI
Qodo AI açıq mənbəli layihələr üçün pulsuz istifadə edilə bilən bir vasitədir. Bu alət süni intellekt tərəfindən yaradılan kodların həcmi artdıqca kodun yoxlanılması prosesində yaranan çətinliklərin aradan qaldırılmasına kömək edir. Beləliklə, insan mütəxəssislər diqqətlərini dizayn, risklərin qiymətləndirilməsi və peşəkar mühakimə tələb edən qərarlara yönəldə bilirlər. Qodo AI sürətli süni intellekt dəstəyi ilə kod yazmaq və istehsala hazır, etibarlı kod əldə etmək arasında bir körpü rolunu oynayır.
2. Snyk Code
Snyk Code kodu tamamlamazdan əvvəl onu mümkün zəifliklər və xətalar baxımından yoxlamaq üçün istifadə edilən başqa bir vasitədir. Bu alət problemləri proqramçının iş prosesi zamanı erkən aşkar etməyə və onların daha sürətli aradan qaldırılmasına kömək edir. Snyk Code həmçinin tətbiqi təhlil edərək təhlükəsizliklə bağlı problemlərə səbəb ola biləcək riskli kod nümunələrini müəyyənləşdirir.
3. GitHub Copilot
GitHub Copilot birbaşa kod redaktorunda kod yazmağa imkan verir. O, proqramçının şərhlərini və ətrafdakı kodu təhlil edərək onları kod parçalarına, o cümlədən konfiqurasiya fayllarına, testlərə və tam funksiyalara çevirə bilər. Bu, sadə və təkrarlanan tapşırıqları avtomatlaşdıraraq proqramlaşdırma prosesini sürətləndirir.
Bununla belə, GitHub Copilot yaratdığı kodun düzgünlüyünü və təhlükəsizliyini özü təsdiqləmir. O, əsasən cari faylı və onun ətrafındakı kodu nəzərə alaraq proqramçının növbəti addımda yaza biləcəyi kodla bağlı təkliflər verir.
Tərcümə etdi: Nərmin Məmmədzadə
Mənbə: Edu-Live Global

