Bu gün:

MDU QS Stars qiymətləndirməsində dörd istiqamət üzrə 5 ulduz alıb


Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirmə sistemində tədris, müxtəliflik, bərabərlik və inklüzivlik, yaxşı idarəetmə və məşğulluq istiqamətlərinin hər biri üzrə 5 ulduz əldə edib.

24Media.az xəbər verir ki, Quacquarelli Symonds (QS) şirkətinin həyata keçirdiyi qiymətləndirmə ali təhsil müəssisələrinin müxtəlif fəaliyyət istiqamətləri üzrə göstəricilərini əhatə edir.

Bildirilib ki, MDU Tədris (Teaching), Müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, Equity & Inclusion), Yaxşı idarəetmə (Good Governance) və Məşğulluq (Employability) kateqoriyalarının hər biri üzrə maksimum nəticəyə nail olub.

Tədris istiqaməti üzrə qiymətləndirmədə təhsilin təşkili və keyfiyyəti, tələbəyönümlü yanaşma və professor-müəllim heyətinin fəaliyyəti nəzərə alınıb.

Müxtəliflik, bərabərlik və inklüzivlik kateqoriyası tələbə və əməkdaşlar üçün bərabər imkanların yaradılması, müxtəlifliyə hörmət və əlçatan təhsil mühiti ilə bağlı meyarları əhatə edir.

Yaxşı idarəetmə istiqamətində universitetin idarəetmə prosesləri, şəffaflıq, hesabatlılıq və strateji planlaşdırma prinsipləri qiymətləndirilib. Məşğulluq kateqoriyasında isə məzunların əmək bazarına hazırlığı, karyera imkanları və işəgötürənlərlə əməkdaşlıq kimi göstəricilər əsas götürülüb.

Mingəçevir Dövlət Universiteti QS Stars qiymətləndirməsində ilk iştirakında ümumilikdə 4 ulduz alıb. Beləliklə, universitet ümumi qiymətləndirmə nəticəsi ilə yanaşı, dörd ayrı istiqamət üzrə də 5 ulduz qazanıb.

Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et