Papa XIV Leo ağciyər əməliyyatından sonra Vatikanın yayımladığı ilk görüntülərdə xəstəxanada ibadət mərasimi keçirərkən əks olunub.

24media.az BBC-yə istinadən xəbər verir ki, 71 yaşlı pontifik çərşənbə axşamı günortadan sonra Romadakı Gemelli xəstəxanasında əməliyyat olunub. Əməliyyat zamanı onun ağciyərindəki törəmə çıxarılıb. Vatikan əməliyyatın uğurla başa çatdığını və heç bir fəsadın yaranmadığını bildirib.
Cümə günü yayımlanan görüntülərdə Çikaqoda doğulmuş Papa yaşıl dini geyimdə xəstəxananın onuncu mərtəbəsində onun üçün yaradılmış müvəqqəti ibadət məkanında görünür. Vatikanın mətbuat xidmətinin məlumatına görə, Papa həkimlər və tibb bacıları ilə birlikdə ibadət mərasimi keçirib və onların xidmətinə görə təşəkkürünü bildirib.
Cümə günü həkimlər Papanın ümumi sağlamlıq vəziyyətində davamlı yaxşılaşma müşahidə olunduğunu açıqlayıblar. Döş qəfəsinin rentgen müayinəsinin nəticələri əməliyyat olunan ağciyərin yaxşı bərpa olunduğunu göstərib.
Vatikanın bildirdiyinə görə, əməliyyatın tam nəticə verməsini təmin etmək məqsədilə Papanın sağ ağciyərinin aşağı payı çıxarılıb. Əməliyyatdan sonra o, normal şəkildə ayılıb və qısa müddət müşahidə altında saxlanıldıqdan sonra palatasına qaytarılıb. Daha sonra xəstəxanada gecəni sakit keçirib.
Papa Leo-nun sağalma müddətində təxminən bir həftə xəstəxanada qalacağı gözlənilir.
Papa bazar günü ənənəvi həftəlik duası zamanı əməliyyat olunacağını ilk dəfə açıqlayıb. O, Müqəddəs Pyotr meydanında toplaşan insanlara həkimlərin ağciyərində erkən mərhələdə aşkar edilmiş, məhdud ölçülü düyün müəyyən etdiklərini və onun çıxarılmasını tövsiyə etdiklərini bildirib.
Ağciyərdə yaranan düyünlər geniş yayılmış haldır və onların hamısı xərçənglə əlaqəli olmur. Lakin müayinələrdən sonra tibbi heyət əməliyyatdan əvvəl aparılan testlərin nəticələrinə uyğun olaraq Papanın ağciyər adenokarsinoması olduğunu təsdiqləyib. Bu, ağciyər xərçənginin bir növüdür.
Vatikan əməliyyatdan əvvəl Papada infeksiya və ya hər hansı xəstəlik əlamətinin müşahidə olunmadığını vurğulayıb.
Emiliya Vəlicanova
