İranın Xarici İşlər Naziri Abbas Araqçi Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Feysəl bin Fərhanla telefon danışığı zamanı ölkəsinin Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasındakı böhranın həllinə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
24media.az TRT Haber saytına istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Araqçi və Səudiyyəli həmkarı regiondakı son gərginliyi müzakirə ediblər. Danışıq zamanı Araqçi Səudiyyə Ərəbistanı ilə husilər arasındakı böhranın hərbi yolla həllinə yönəlmiş cəhdlərin regionda gərginliyi daha da dərinləşdirəcəyini vurğulayıb və dialoq təklif edib. O, İranın tərəflər arasında dialoqun bərpası üçün hər cür köməyə hazır olduğunu bildirib. Telefon danışığı Səudiyyə Ərəbistanındakı hava limanlarına təkrarlanan hücumların və Hörmüz boğazında dəniz nəqliyyatı ilə bağlı gərginliyin davam etdiyi bir vaxta təsadüf edib.Oktyabrın 10-da paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumda yüzlərlə insan yaralanıb. Yəməndə hökuməti dəstəkləyən Ərəb Koalisiyası şənbə günü baş verən hücuma görə İran dəstəkli husilərin məsuliyyət daşıdğını bildirib və hücuma qətiyyətlə cavab veriləcəyini açıqlayıb.İran dəstəkli husilər 2014-cü ilin sentyabrından Yəmənin paytaxtı Sənaya və bəzi bölgələrə nəzarət edirlər. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin martından husilərə qarşı Yəmən hökumətini dəstəkləyir.
Fidan Mənsimova
